Tərtərdə Ulu Öndərin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablar sərgilənib
Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabları” mövzusunda sərgi-konfrans keçirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyi, Tərtər Rayon İcra Hakimiyyəti və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə keçirilən konfransın iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin adını daşıyan mərkəzi meydandakı abidəsi önünə tər çiçək dəstələri düzərək, xatirəsinə ehtiramlarını bildirmişlər. Sonra Gənclər Mərkəzinin foyesində Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitablardan ibarət sərgiyə baxış keçirilmiş, zalda Ulu Öndər Heydər Əliyevin 1995-ci il iyunun 3-də Milli Kitabxanada çıxışına dair video nümayiş etdirilmişdir. Sonra tədbir iştirakçıları Ulu Öndərin və torpaqlarımızın azadlığı uğurunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad etmişlər. Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyətinin, ədəbiyyatımızın inkişafındakı misilsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, bildirmişdir ki, Azərbaycan Milli Kitabxanası Ümummilli Liderin hakimiyyəti illərində öz inkişafının yüksək pilləsinə qədəm qoyub. 1996-cı ildə “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onun yaxşılaşdırılması haqqında”, 1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bütün bunlar ölkəmizdə kitabxana işinin təkmilləşdirilməsinə, kitab nəşrinin və kitabxanaların inkişafına ciddi təkan verib.
Rayon rəhbəri Ulu Öndərin “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs bir yer, mənəviyyat, bilik və zəka mənbəyidir” sözlərini xatırlayaraq qeyd etmişdir ki, dahi rəhbərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə kitabxanaçılıq inkişaf etdirilir, kitabxanaların maddi-texniki bazasının yaxşılaşdırılır, kitab fondunun latın qrafikası ilə çap olunmuş ədəbiyyatlarla zənginləşdirilir.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına hədiyyə etdiyi şəxsi kitabların ilk dəfədir ki, regionlarda sərgisi keçirilir.
K.Tahirov Ulu Öndərin Milli Kitabxanada 4 dəfə olduğunu deyərək, 1995-ci ildə kitabxanadakı çıxışını xatırladıb. “Mən indi kitabxanaya xeyli kitab bağışladım. Güman edirəm ki, bunlar fondda öz yerini tutacaqdır. Zənnimcə, gələcəkdə bu təşəbbüs davam edə bilər” – deyən Ümummilli Liderimizin nəcib təşəbbüsündən sonra görkəmli alimlərimiz və ziyalılarımız Milli Kitabxanaya öz şəxsi kitabxanalarından xeyli kitab bağışladılar. Bu isə Milli Kitabxananın fondunun daha da zənginləşməsinə kömək etdi.
Tədbirdə Ulu Öndərin ideyalarını davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Milli Kitabxanasının dünyanın ən müasir, inkişaf etmiş kitabxanalarından birinə çevrildiyi də vurğulandı.
Konfransda Bakı Dövlət Universitetinin kitabşünaslıq və nəşriyyatı işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanovun “Ulu öndər Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti” məruzəsi də dinlənildi.
Tərtər rayon mərkəzləşdirilmiş kitabxana sisteminin direktoru İlduzə Qurbanova, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova, Umudlu kənd tam orta məktəbin direktoru Zabil Zeynalov çıxış edərək, ümummilli lider Heydər Əliyevin Azərbaycanın inkişafında, müstəqilliyimizin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən, ölkəmizdə kitabxana sahəsinin inkişafına göstərilən dövlət qayğısından bəhs etdilər.
Tədbirdə Milli kitabxananın direktoru Kərim Tahirov rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova “Azərbaycan xalçaları İrəvan qrupu” kitabını hədiyyə etdi.