Şəhidimiz torpağa tapşırıldı
Aprelin 2-də qoşunların təmas xəttində işğalçılarla döyüşdə şəhid olan Tərtərin daha bir qəhrəman oğlu- N saylı hərbi hissənin giziri İsgəndərov Nicat Bəhruz oğlu aprelin 3-də doğulduğu Tərtər şəhərində torpağa tapşırıldı.
Dəfn mərasimində şəhidin doğmaları ilə birgə Tərtər Rayon İcra Hakimiyyətinin, N saylı hərbi hissənin, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və Milli Məclisin deputatı Sahib Alıyev iştirak etdilər.
Şəhidlə vida mərasimində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov və digərləri çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı verdilər, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Nicat İsgəndərovun xatirəsinin tərtərlilərin qəlbində həmişə yaşayacağını bildirdilər.
Dəfn mərasimində Şəhidin atası Bəhruz İsgəndərov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib.