Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhramanının anım mərasimi keçirildi

23 mart 2016 | 16:00

Tərtərdə Azərbaycanın Milli Qəhramanı Vəzir Orucovun anım mərasimi keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Milli Qəhramanın xatirəsini bir dəqiqəlik sukutla yad etmiş, onun büstü önünə tər gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.

Öncə Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov Vəzir Orucovun ruhuna dua oxumuşdur. Sonra rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov Vəzir Orucovun həyatı və döyüş fəaliyyəti barədə məlumat vermişdir. O, bildirmişdir ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdu. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağrılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın  Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdü.

1992-ci ildə Xocalı soyqırımını eşidib, Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdu. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdi. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə, söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaş evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

2015-ci il  28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:

“Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi...”

Həsənqaya, Köyarx, Madagiz, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdi.

1992-ci il sentyabr ayının 1-də Çaldıran kəndi uğrunda gedən döyüşlərdə Vəzir Orucov ağır yaralanmış, müalicə olunduqdan sonra yenidən 2 noyabr 1992-ci ildə cəbhəyə qayıtmışdır.

Vəzir Orucov  22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər xiyabanında dəfn edilmişdir.

1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Bu Vəzir Orucovun yığcam tərcümeyi-halıdır. 1992-ci ilin may ayından- Tərtər batalyonuna daxil olduğu gündən isə onun hər günü bir qəhrəmanlığından, döyüş sücaətindən xəbər verir. Məhz ona görə də şairlər onu müasir dövrün Koroğlusu, əfsanəvi qəhrəmanı adlandırırlar.

Biz fəxr edirik ki, Tərtərin Vəzir Orucov kimi qəhrəman oğulları var. Belə oğulların sayəsində Tərtər alınmaz qalaya çevrilmişdir.

Bu gün dövlətimiz tərəfindən şəxsən respublika prezidenti İlham Əliyev tərəfindən Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə, əlillərə böyük diqqət və qayğı göstərilir. Onlar mənzillə təmin olunur, fərdi evlər tikilir, avtomobillər verilir. Biz bunu rayonumuzun timsalında da aydın görürük. Ötən il şəhid ailələrinin, əlillərin istifadəsinə 54 mənzilli, 6 mərtəbəli yaşayış binası verildi, 10 nəfərə hazırda fərdi ev tikilir.

Vətən yolunda canından keçmiş şəhidlərimizin adı əbədiləşdirilir. Tərtər- də onlarla şəhid adları daşıyan bulaq, məktəb,bağça,xəstəxana və küçə var. Bu yaxınlarda isə ayrı-ayrı vaxtlarda  icra başçısı işləmiş şəxslərin öz atalarının adını verdikləri küçələrin adları dəyişdirilərək, Azərbaycanın Milli Qəhrəmanları Vəzir Orucovun, Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmişdir. Həmin küçələrdə abadlıq işləri aparılır,hər birinin girişində Vəzir Orucovun adını daşıyan küçədə olduğu kimi baralyefləri qoyulacaq.

Sonra Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun döyüş yoldaşları Tərtər Özünümüdafiə Batalyonunun keçmiş komandiri Pənah Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin rayon şöbəsinin sədri Suliddin Yusifov, digər döyüş yoldaşları, Orucovun anası Mahı Orucova çıxış etmişlər.

Qəhrəmanın anası Qarabağ Müharibəsi veteranlarına, əlil və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidentinə öz minnətdarlığını bildirmişdir.

Məktəblilər qəhrəmana həsr olunmuş şeirlər söyləmişlər.

Tədbiri rayon icra hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elvin Umudov yekunlaşdırmışdır. Qeyd olunmuşdur ki, Vəzir Orucovun xatirəsi hər birimizin qəlbində yaşayır. Qəhrəman Tərtər Vəzir Orucov kimi oğulların sayəsində düşmənə bir qarış da torpaq verməyib, əksinə Ağdərənin işğal altında olan kəndlərinin bir hissəsini işğaldan azad etmişdir.
 

Keçidlər