N saylı hərbi hissədə Novruz şənliyi
Novruzun gəlişi münasibətilə Tərtər Rayon İcra Hakimiyyəti Respublika Prokurorluğu, Azərbaycan Gənclər və İdman Nazirliyi, rayonun təhsil, səhiyyə və mədəniyyət işçiləri, rayon mədəniyyət evinin və Bakı şəhərindən gəlmiş musiqi kollektivləri ilə birgə N saylı hərbi hissədə bayram tədbiri keçirmişdir.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etmiş, sonra əsgər və zabitlərlə birlikdə Azərbaycan Respublikasının himnini oxumuşlar.
Bayram tədbirini giriş sözü ilə açan hərbi hissə komandirinin müavini mayor Samir Səfərov ilk sözü Respublika Hərbi Prokurorluğunun kadrlar şöbəsinin rəisi, ədliyyə polkovniki Nazim Novruzova verdi. N.Novruzov hərbçilərə respublika hərbi prokuroru Xanlar Vəliyevin təbrikini çatdırdı. Sonra Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov, şəhər 3 saylı ümumi orta məktəbin tarix müəllimi Kifayət Kərimova çıxış edərək əsgər və zabitləri Novruz bayramı münasibəti ilə təbrik etmiş, öz ürək sözlərini bildirmişlər.
Təbriklərə qoşulan Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov xalqımızın əziz bayramı olan Novruz münasibətilə hərbiçləri təbrik etmiş, çətin və şərəfli işlərində onlara müvəffəqiyyətlər arzulamışdır. Bildirmişdir ki, bu gün cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda müasir hərbi texnika ilə təchiz edilmiş, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu formalaşıb. Bu, bizdə işğal altındakı torpaqlarımızın tezliklə azad ediləcəyinə və növbəti Novruz tonqallarının doğma Qarabağımızda alovlandırılacağına, Azərbaycanın üçrəngli bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına böyük inam yaradıb.
Tədbirin sonunda Respublika Prokurorluğu, Gənclər və İdman Nazirliyi və Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən əsgər və zabitlərə Fəxri Fərman, qiymətli hədiyyələr və bayram sovqatı verilmişdir.
Sonra Bakı şəhərindən gəlmiş gənc müğənnilər və rayon mədəniyyət evinin özfəaliyyət kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişlər.