Şriftin ölçüsü :

Saytın rəngi :

Köçərli kəndində səyyar qəbul-görüş keçirildi

19 fevral 2016 | 16:00

Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir.

Köçərli kəndində keçirilən görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.

Əvvəlcə Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yusifov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır. Bildirmişdir ki, 429 təsərrüfatı, 1281 hektar ərazisi olan nümayəndəlikdə 1715 nəfər əhali yaşayər. Kənddə 92 məcburi köçkün ailəsində 392 nəfər məskunlaşmışdır. Əhalinin əsas məşğuliyyəti isə əkinçilik və heyvandarlıqdır. Ərazidə bir tam orta məktəb, həkim məntəqəsi, kitabxana, EATS, poçt şöbəsi, yeddi ticarət və iaşə obyekti fəaliyyət göstərir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Nizami Hüeynov, Tahir Cəfərov, Cəfər Şəmilov, Saməddin Hacıyev, Mənzər Hacıyeva, Ziyəddin Nəcəfov, Rəşid Cəfərov, Əkbər Hacıyev rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmişlər. Kənddə köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə, məktəb üçün yeni binanın tikilməsinə, içməli su ilə təminatın yaxşılaşdırılmasına, sahələrarası arxların lildən təmizlənməsinə ehtiyac olduğunu bildirmişlər.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunmuşdur.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən,  danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcəkdir.

Rayon rəhbəri son dövrlər manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, suni qiymət artımının qarşısının alınması məqsədi ilə rayonda təxirəsalınmaz tədbirlər görüldüyünü qeyd etmişdir. Bildirilmişdir ki,  rayon icra hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Rayonda hər birinin tərkibində 10 nəfər olmaqla 10 qrup suni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir.

Sonra M.Məmmədov sahibkarlara dövlət dəstəyindən danışaraq, sahibkarlara yaradılan burokratik əngəllərin aradan qaldırıldığını, onlara lazimi şərait yaradıldığını bildirdi.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər