Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Tərtər şəhərində “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mözusunda regional müşavirə keçirilmişdir
Fevralın 13-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Tərtər şəhərində Xidmətin yerli qurumlarının - rayon bitki mühafizəsi mərkəzləri və bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə “Sərhədyanı ərazilərdə fitosanitar vəziyyət” mövzusunda regional müşavirə keçirilmişdir.
Tədbiri giriş sözü ilə Tərtər Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Xatirə Məmmədova açaraq, iştirakçıları salamlamış, kənd təsərrüfatının inkişafı sahəsində atılmış addımların ölkəmiz üçün əhəmiyyətindən və sərhədyanı bölgədəki problemlərdən danışmışdır.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dovlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycanda aqrar islahatların həyata keçirilməsinə və kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirildiyini vurğulamış, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasətin dayandığını qeyd etmişdir.
Daha sonra Dövlət Xidmətinin rəisi Camal Quliyev “ Sərhədyanı ərazilərdə fitosanitar vəziyyəti mürəkkəbləşdirən amillər” mövzusunda çıxış edərək, Rusiya Federasiyası, İran İslam Respublikası, Gürcüstan və Ermənistan Respublikalarından, o cümlədən işğal altında olan ərazilərdən karantin tətbiq edilən və xüsusi təhlükəli növlərin respublika ərazisinə keçməsi və miqrasiyası problemini təhlil etmiş, faktlarla 2013-2015 –ci illərdə Mərakeş, İtaliya və Asiya çəyirtkələrinin ölkə ərazisinə miqrasiyası və təhlükəli miqrasiyaların qarşısının alınması yolları barədə ətraflı məlumat vermişdir. Eyni zamanda Camal Quliyev işğal altında olan ərazilərdən respublika ərazisinə Mərakeş çəyirtkəsinin və siçanabənzər gəmiricilərin miqrasiyasının fitosanitar vəziyyəti mürəkkəbləşdirdiyini bildirmişdir.
Xidmətin rəis müavini vəzifəsini icra edən Yaqub Cəfərov isə “ Siçanabənzər gəmiricilər və onlar əleyhinə mübarizənin təşkili” mövzularında məruzə etmiş və məruzə olunan məsələlərə dair müvafiq müzakirələr aparılmışdır.
Müşavirə iştirakçıları və fermerlər kənd təsərrüfatının inkişafı istiqamətində fermerlərə göstərilən qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər