Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla Tərtər rayon ictimaiyyətinin görüşü keçirilib

08 fevral 2016 | 16:00

Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Tərtər rayonu ictimaiyyətinin nümayəndələri və sahibkarlarla görüşüb.

Əvvəlcə tədbir iştirakçıları tərəfindən ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, onun xatirəsi ehtiramla yad olunub.
Sonra görüşdə qeyri-neft sektorunun inkişafında Tərtər rayonunun potensial imkanları müzakirə edilib. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Kənd təsərrüfatı sektorunun inkişafından, kəndarası yolların təmirindən, yeni təhsil və səhiyyə müəssisələrinin açılmasından danışan icra hakimiyyətinin başçısı bunu dövlətin regionlara qayğısı kimi səciyyələndirib. Bildirib ki, Tərtər rayonunun ərazisi 960 kvadrat kilometrdir. Rayonda 2 şəhər, 1 qəsəbə, 74 kənd yaşayış məntəqəsi olmaqla 77 yaşayış məntəqəsi var. 1yanvar 2016-cı il tarixə rayon əhalisinin sayı 102.5 min nəfər olmuşdur. Əhalinin sıxlığı 1 kv.km-ə 107 nəfər təşkil edir.  İl ərzində əhalinin sayı 0.6 faiz və ya 691 nəfər artmışdır. Bundan başqa rayonda 14.3 min nəfər məcburi köçkün məskunlaşmışdır.

Rayonda 50.6 min nəfər iqtisadi fəal əhali var. Onların 48.1 min nəfəri məşğul əhali, 2.5 min nəfəri qeyri məşğul əhalidir. Məşğul əhalinin 25.3 min nəfəri və ya 52.6 faizi muzdla işləyənlərdir. Qalan 22.8 min nəfəri isə muzdsuz işləyənlərdir. Muzdsuz işləyənlər isə torpaq payı alan kəndli təsərrüfatları, fiziki şəxslər və ev təsərrüfatında çalışanlardır. 510 nəfər Məşğulluq orqanlarında rəsmi işsizlik statusu almışdır. Əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə son 10 ildə rayonumuzda 4943-ü daimi olmaqla 12 min 153 yeni iş yerləri açılmışdır. Son iki ildə isə 872-i daimi olmaqla 2430, 2015-ci ildə 415-i daimi olmaqla 1195 yeni iş yerləri açılmışdır.
    
2015-ci ildə rayonda bütün maliyyə mənbələri hesabına iqtisadiyyatın və sosial sferanın bütün sahələrinə 27.2 milyon manat investisiya qoyulmuşdur. 2014-cü ilə nisbətən investisiyaların həcmi 2.1 dəfə artmişdir. Məlumat üçün bildirirəm ki, son 5 ildə Tərtər rayonuna 86.9 milyon manat investisiya qoyulmuşdur.
  
Rayon iqtisadiyyatının 38.1 faizi kənd təsərrüfatı təşkil edir. 2015-ci ildə rayonda kənd təsərrüfatı məhsullarının həcmi 48.1 milyon manat olmuşdur. Əvvəlki ilə nisbətən onun həcmi 7.2 faiz artmışdır. Kənd təsərrüfatı məhsullarının 60.8 faizi bitkiçiliyin, 39.2 faizi heyvandarlığın hesabına formalaşır.
   
26462 hektar sahədə müxtəlif kənd təsərrüfatı bitkiləri əkilmişdir. Onun 11.2 min hektarı dənli və dənli paxlalı bitkilər, 2.2 mini texniki bitkilər, 1.5 min hektarı kartof, tərəvəz və bostan bitkiləri, 11.5 min hektarı yem bitkiləri olmuşdur. 5610 hektar buğda sahəsinin hər hektarından 37.1 sentner, 5233 hektar arpa sahəsinin hər hektarından 34.5 sentner məhsul götürülmüşdür.
 
Rayonda 26.6 min baş iri mal, 73.1 min baş qoyun-keçi, 261.8 min baş müxtəlif növ quşlar, 2817 arı ailəsi, 725 baş at var. İri malın sayı 405 baş, qoyun-keçilərin sayı 1165 baş artmışdır.
  
2015-ci ildə diri çəkidə 2.8 min ton ət, 17.7 min ton süd, 7.8 milyon ədəd yumurta, 124 ton yun istehsal edilmişdir. Ət istehsalı 2 faiz, süd istehsalı 21.6 faiz, yumurta istehsalı 0.8 faiz, yun istehsalı 0.6 faiz artmışdır.
   
2015-ci ildə rayonda sənaye məhsulunun həcmi 5.6 milyon manat olmaqla, əvvəlki ilə nisbətən 1.9 faiz çox olmuşdur. Sənaye məhsulunun 32.2 faizi emal sənayesinin, 46.5 faizi elektrik enerjisi, qaz, buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 21.3 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələrinin hesabına formalaşmışdır.
   
2015-ci ildə rayonun nəqliyyat sektorunda yük daşımasının həcmi 503 min ton, sərnişin daşınmasının həcmi 8.3 milyon nəfər olmuşdur. 2014-cü ilə nisbətən yük daşınması 5.5 faiz, sərnişin daşınması 6.3 faiz artmışdır.
   
İnformasiya və rabitə xitmətlərinin həcmində də 13.3 faiz artım müşahidə olunmuşdur. İl ərzində informasiya və rabitə xitmətlərinin həcmi 581.9 min manat olmuşdur.
 
2015-ci ildə pərakəndə ticarət dövriyyəsinin həcmi 126.5 milyon manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 25.5 milyon manat olmuşdur. 2014-cü ilə nisbətən pəra pərakəndə ticarət dövriyyəsinin həcmi 3.4 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 3.5 faiz artmışdır.   
    
Sonra başçı qeyd etmişdir ki, ötən il Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. Ev növbəsində olan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əllillərinə fərdi yaşayış evləri tikilir və yaxın vaxtlarda istifadəyə veriləcəkdir.
   
Tərtər şəhərində 100 yerlik uşaq bağçası-körpələr evinin və müasir tələblərə cavab verən Şahmat məktəbinin tikintisi davam etdirilir.
   
Şəhərində 3 ədəd beşmərtəbəli, 4 ədəd ikimərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslübunda yenidən qurulmuşdur.
   
Gənclər Mərkəzinin və Təhsil şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmiş və gecə işıqlanması sistemi ilə təchiz edilmişdir. YAP-ın inzibati binasının, Mədəniyyət evinin, Şahmat məktəbinin və rayon icra hakimiyyətinin inzibati binasının fasad hissələri gecə işıqlanma sistemi ilə təchiz edilmişdir.
   
H.Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri aqlay daşı ilə üzlənmiş, pəncərələri dəyişdirilmiş, binanın fasadı gecə işıqlanması sistemi ilə təchiz edilmişdir.
    
Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Hazırda ərazinin səviyyəsinin qaldırılması üçün torpaq daşınması işləri görülür.
   
Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun adına yeni verilmiş küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun baralyefi quraşdırılmışdır.
  
2015-ci ilin iyun ayından uzun illərdən bəri problem olaraq qalan Tərtər şəhəri və ətraf 11 kəndin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Layihədə 110 km içməli su xəttinin və 110 km kanalizasiya sisteminin çəkilməsi nəzərdə tutulmuşdur. Hazırda Tərtər şəhərinin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılmış, 25974 metr magistral kanalizasiya xətti, 3627 metr artezianlararası və təzyiqsiz maqistiral su xətti, 25867 metr şəhərdaxili və məhəllədaxili su şəbəkəsi xətti çəkilmişdir.

Ötən il ərzində əhalinin və istehsalat sahələrinin fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması həyata keçirilmişdir. Tərtər şəhərində 10 ədəd, Qapanlı kəndində 3 ədəd yeni transformator quraşdırılmış, Çaylı kəndində məşkunlaşmış məcburi köçkünlər üçün 22 dayaq basdırılaraq yeni 1.55 km 6 kv-luq hava xətti və kəndin içində 2.5 km 0.4 kv-luq hava xətti çəkilmişdir.

Rayonun Hacıqərvənd, Qapanlı, Yuxarı Qaradağlı kəndlərində elektrik xətləri kabelləşdirilir.

Rayon ərazisində 32 yaşayış məntəqəsi qazlaşdırılmışdır, 10 yaşayış məntəqəsində isə qazlaşma işləri aparılır.

Rayon rəhbəri bildirdi ki, Respublika Prezidenti cənab İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Tərtər rayonunda bütün sahələrdə sürətli inkişafa nail olunub, geniş tikinti-abadlıq, quruculuq işləri aparılıb, infrastruktur layihələr həyata keçirilib, yeni iş yerləri açılıb, əhalinin yaşayış səviyyəsinin yüksəlməsi təmin olunub. Ancaq dünyada baş verən iqtisadi böhran Azərbaycandan da yan keçməyib. Neftin qiymətinin düşməsi manatın məzənnəsini aşağı salıb. Manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, süni qiymət artımının qarşısının alınması məqsədilə respublikamızda, eləcə də rayonumuzda təxirəsalınmaz tədbirlər görülmüşdür. Rayon icra hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Rayonda hər birinin tərkibində 10 nəfər olmaqla, 10 qrup süni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir.

Rayonumuzda sahibkarlara yaradılan brokratik əngəllər aradan qaldırılır, onlara dövlət tərəfindən lazımi şərait yaradılır.

Ölkəmizdə iqtisadiyyatın daha da gücləndirilməsi və əhalinin sosial rifahının qorunması istiqamətində mühüm addımlar atılır. Azərbaycanda inkişafın yeni modeli yaranır. Bu sahədə qarşıda duran vəzifələr qeyri-neft sektorunun, sahibkarlığın inkişaf etdirilməsi, iqtisadiyyatın neft amilindən asılılığının azaldılması, yeni iş yerlərinin açılması, insanların həyat səviyyəsinin yüksəldilməsidir.

Çıxışının sonunda rayon rəhbəri bildirdi ki, ölkə rəhbərinin “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda verdiyi tapşırıqlara layiqincə əməl edəcək, qarşıda duran vəzifələrin yerinə yetirilməsində gücümüzdən maksimum istifadə edəcəyik.  

Sonra Milli Məslisin deputatı Sahib Alıyev Müstəqil Azərbaycanın keçdiyi inkişaf yolundan danışaraq, hazırda respublikada cəmiyyət quruculuğu prosesinə ehtiyac olduğunu vurğulamış, Respublika Prezidentinin tapşırığına uyğun olaraq dövlət başçısının əhalinin məşğulluğunun təmin edilməsi, sosial müdafiəsinin gücləndirilməsi,  iqtisadiyyatın dinamik inkişafı üçün qarşıya qoyulan vəzifələrdən danışmışdır.

Görüşdə çıxış edən Statistika Komitəsinin sədri Tahir Budaqov əvvəlcə cəbhə bölgəsinin sakinlərini salamlamış, onların Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqları alqışlamışdır. Tərtər rayonunun respublikamız üçün böyük strateji əhəmiyyətə malik olduğunu vurğulamışdır.

Sonra komitə sədri 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlar barədə danışmışdır. Qeyd etmişdir ki, dövlətimizin başçısı konfransdakı nitqində regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyəti dərindən təhlil edərək, bu istiqamətdə konkret vəzifələr müəyyənləşdirib. Bu vəzifələrə əsasən qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühit yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsi daxildir.

T.Budaqov qeyd edib ki, son illər Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, müxtəlif sahələri əhatə edən irimiqyaslı layihələr həyata keçirilib. Bunun nəticəsində uzun müddət Azərbaycanın maliyyə dayanıqlılığını qoruyub saxlamaq mümkün olub. Lakin dünyanın enerji bazarında yaranan təlatümlər, Azərbaycanın əsas ixrac məhsulu olan neftin qiymətinin 4 dəfə aşağı düşməsi milli valyutanın devalvasiyasına gətirib çıxarıb.
Ölkəmizdə həyata keçirilən antiböhran tədbirləri, qeyri-neft sektorunun, sənaye və sahibkarlığın inkişafı, o cümlədən Tərtər rayonunun potensial imkanlarından səmərəli istifadə olunması kimi məsələlərdən bəhs edən nazir bunun üçün böyük imkanlar yarandığını diqqətə çatdırıb. Qeyd edib ki, dünya iqtisadiyyatında böhran yaşandığı bir zamanda ölkəmizdə sosial-iqtisadi inkişaf davam edir, nəzərdə tutulan layihələr icra olunur. Prezidentin sərəncamı ilə maaşlar, müavinətlər, təqaüdlər artırılıb, aztəminatlı ailələrin sosial müdafiəsi gücləndirilib.

Borsunlu kəndindən sahibkar İlham Məmmədov pambığın ilkin emalı ilə məşğul olduğunu, kiçik bir sexə rəhbərlik etdiyini, bu sexdə 16 nəfər çalışdığını bildirmiş, gələcəkdə dövlət tərəfindən dəstək olarsa fəaliyyətini genişləndirərək bütün kənd sakinlərinin işlə təmin oluna biləcəyini bildirmişdir. Sahibkar qeyd etmişdir ki, hazırda 80 hektar torpaqdan istifadə etdir,  güzəştli kredit verilərsə, gələcəkdə 200 hektar torpaqda pambıqçılıqla məşğul olmağa imkanımız var. Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsinin sədri Nizami Heydərov Qarabağ veteranı vəsiqəsi ala bilməyən tərtərlilərin problemləri, Ələsgərli kəndində tingçiliklə məşğul olan fermer Məhəmməd Şirinov uzun illər fəaliyyəti dayanmış konserv zavodu işə salınarsa yeni iş yerlərinin açılacağı, rayonda baramaçılığın inkişafı üçün münbit şərait yaradılarsa, əhalinin məşğulluğunun təmin olunacağı, Hüsənli kəndindən cins eksperimental kəndli fermer təsərrüfatının başçısı Məhərrəm Əliyev heyvandarlığın inkişafında suni mayalanmanın tətbiq edilməsi, heyvandarlar arasında bu istiqamətdə maarifləndirmə işlərinin aparılması, Bəyimsarov kəndindən fermer Habil Məmmədov iri əkin sahələrinin yaradılması, Tərtər MMC-nin sədri Fərman Qurbanov rayonda toxumçuluğun inkişaf etdirilməsi, yeni sortların yaradılması ilə bağlı maraqlı təkliflər veriblər.

2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulan vəzifələrin icrasının bütün ölkənin, eləcə də cəbhə bölğəsi olan Tərtərin inkişafına böyük təkan verəcəyi qeyd olunub.

İctimaiyyət nümayəndələri, qeyri-neft sektorunun inkişafı üçün atılan addımları yüksək qiymətləndirib, regionlara, o cümlədən cəbhə bölgəsinə göstərdiyi qayğıya görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
 

 

Keçidlər