Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral Gənclər Günüdür: Gələcək gənclərindir

02 fevral 2016 | 16:00

2 fevral-Gənclər Gününə həsr olunmuş umumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad etmiş, abidəsi önünə gül-çoçək dəstələri qoymuşlar.

Sonra toplantı rayon Gənclər Mərkəzində davam etdirilmişdir.

Tədbir gənclərin birlikdə oxuduğu Dövlət himni ilə başlamışdır.

Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Səadət Hüseynova açaraq gəncləri bayram münasibəti ilə təbrik etmişdir.

Məruzəsində bildirmişdir ki, müstəqil Azərbaycanın gənclər siyasəti Umummilli liderin adı ilə bağlıdır. Məhz I Gənclər Forumundan sonra 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-i Gənclər Günü elan edildi. Məruzəçi Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclər siyasəti çərçivəsində müxtəlif dövrləri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, təhsili, ictimai-faydalı əməklə məşğulluğu, onların istirahəti üçün yüksək şərait yaradılması sayəsində Azərbaycan gəncliyinin ölkəmizin dinamik inkişafına əhəmiyyətli töhvələr verdiyini qeyd etdi. Rayon gənclərinin qazandığı uğurları dilə gətirdi. Bildirdi ki, Tərtər rayonunun gəncləri dövlət başçısının biz gənclərə göstərdiyi diqqət və qayğısına öz əməli işləri ilə cavab verirlər.

2015-ci ildə rayon Gənclər və İdman idarəsi tərəfindən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Azərbaycan Respublikasında şahmatın inkişafına dair, futbolun inkişafına dair Dövlət Proqramlarına uyğun olaraq gənclər sahəsi üzrə 48, idman sahəsi üzrə 41 tədbir hazırlanıb həyata keçirilmişdir.

Ötən il ərzində rayonumuzun gəncləri Gənclər və İdman nazirliyinin dəvəti ilə gənclər sahəsi üzrə 6, idman sahəsi üzrə 7 tədbirdə iştirak etmişlər.

Gənclər və İdman idarəsi tarixi günlər və bayramlarla əlaqədar gənclərin toplantılarını təşkil etmiş, “dəyirmi masa” lar keçirmiş, gənclərin arzu və təkliflərini öyrənmişdir.

Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi, milli qəhrəmanlarımızın vətən uğrunda göstərdiyi sücaətin gənc nəslə çatdırılması, gənclərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə silsilə tədbirlər, zona birincilikləri keçirilmişdir.

Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin məşğulluğunun təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə Gənclər Mərkəzində rayonun gənclərinə dövlət qulluğunun mahiyyəti və üstünlükləri, dövlət qulluğuna qəbulun şərtləri ilə tanış etmək, ali təhsilli gəncləri dövlət qulluğuna cəlb etmək məqsədi ilə rayon gəncləri üçün maarifləndirici xarakter daşıyan görüş keçirilmişdir.

“Şahinlər” hərbi idman oyununun rayon mərhələsi tərəfimizdən keçirilmiş, Seydimli kənd komandası I yerə layiq görülərək, Goranboy rayonunda keçirilən zona birinciliyinə vəsiqə qazanmış və Goranboy rayonunda keçirilən zona birinciliyində Tərtər rayonunun komandası II yerə layiq görülmüşdür.

Rayonumuzun idmançıları respublika yarışlarına da qatılmışlar.Gənc idmançılardan boks üzrə Bakı şəhərində keçirilmiş Azərbaycan birinciliyində 1 nəfər III yeri tutmuşdur. Kikboksinq idman növü üzrə Bakı şəhərində keçirilmiş Azərbaycan çempionatında 3 nəfər idmançımız I yerə, İsmayıllı rayonunda keçirilən Azərbaycan birinciliyində 3 nəfər idmançımız I yerə, 2 nəfər II yerə, 2 nəfər isə II yerə layiq görülmüşdülər.Bakı şəhərində keçirilmiş Muay-tay idman növü üzrə Azərbaycan çempionatında 7 nəfər idmançımızın iştirakı təmin olunmuş, onlardan 2 nəfəri I yerə, 1 nəfəri isə III yerə layiq görülmüşdür.

Yeni il ərəfəsində Bakı şəhərində Budo döyüş növləri üzrə keçirilən dünya kubokunda Tərtər rayon komandasının idmançılarından 3 nəfər I yer, 2 nəfər isə II yer tutmuşdur.

Daha sonra Azərbaycan Respublikası yanında Gənclər Fondunun dəstəyi ilə keçirilən intellektual bilik yarışında Qaradağlı kənd tam orta məktəbinin komandası Beyləqan rayonunda keçirilən yarışda iştirak edərək III yerə çıxmışdır.

Göründüyü kimi, yürüdülən gənclər siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində fəal iştirak edir, idman, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə nailiyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər.

Sonra məruzə ətrafında rayon icra hakimiyyəti aparatında aparıcı-məsləhətçi Tunarə Məmmədzadə, polis şöbəsinin tədqiqat qrupunun tədqiqatçısı Yasin İbrahimli, DSMF-nin əməkdaşı Anar Rüstəmov, Sarıcalı kənd tam orta məktəbində musiqi müəllimi Bənövşə İbrahimova çıxış edərək, öz ürək sözlərini bildirdilər. Qeyd olundu ki, respublikamızda  olduğu kimi rayonumuzda da gənclərə lazımi diqqət və qayğı göstərilir.Gənclər dövlət qulluğuna irəli çəkilir, onların təşəbbüskarlığı, savadı nəzərə alınır.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri bayram münasibəti ilə təbrik edərək onlara öz arzularını bildirdi, tövsiyələrini verdi.

Sonra rayonun ictimai-siyasi həyatında,idmanda, təhsildə qazandıqları uğurlara görə 31 nəfər gənc rayon icra  hakimiyyəti və Gənclər və İdman İdarəsi tərəfindən Fəxri Fərman, diplom və qiymətli hədiyyələrlə təltif olundular.
 

Keçidlər