Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin hesabat yığıncağı keçirilmişdir
Tərtər rayon İcra Hakimiyyəti başçısının Tərtər şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin hesabat yığıncağı keçirilmişdir.
Gənclər Mərkəzində keçirilən tədbirdə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhər sakinləri iştirak etmişlər. Hesabat yığıncağında 2015-ci il ərzində görülmüş işlərə yekun vurulmuş, qarşıda duran vəzifələr müzakirə olunmuş, konkret tədbirlər müəyyənləşdirilmişdir.
Tədbiri açan Tərtər Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Sahib Həsənov bildirmişdir ki, 2014-cü il respublikamız, eləcə də rayonumuz üçün uğurlu olmuşdur.
Respublikamızın hər yerində olduğu kimi 2015-ci il ərzində Tərtər rayonunda da sosial-iqtisadi inkişaf baxımından bütün sahələrdə irəliləyişə, inkişafa nail olunmuşdur. Həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində rayonun iqtisadiyyatı daha da inkişaf etmiş, əhalinin yaşayış səviyyəsi yüksəlmiş, şəhərdə tikinti-abadlıq, quruculuq işləri geniş vüsət almışdır.
Hesabat dövründə Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Ərazi təmizlənmiş, hamarlanmış, mövcud ağaclar budanmış, ərazidən keçən yüksək gərginlikli hava xətti kənarlaşdırılmışdır. Hazırda ərazinin səviyyəsini qaldırmaq üçün torpaq daşınması işləri aparılır.
Heydər Əliyev prospektində yüksək gərginlikli hava xətti 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilmiş, ərazidə olan köhnə işıq dirəkləri ləğv edilmişdir.
Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilir. F.Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmış, ümumi uzunluğu 3.5 km olan istinad divarları 7000 kvadrat metr aqlay və bəzək daşları ilə üzlənmiş, küçədə olan kommunikasiya xətləri səliqəyə salınmışdır.
M.Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyür düzülərək səkilər salınmışdır. H.Əliyev prospekti, E.Səfərov, M.İbrahimov və F.Qulami küçələrində ümumi uzunluğu 3.0 km-dən çox olan yeni səki daşları düzülmüş, küçələr genişləndirilmişdir. H.Əliyev prospekti, F.Qulami və M.Əsədov küçələrində səkilərə 3500 kv.metr tamet daşları döşənmişdir.
Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun adına yeni verilmiş küçədə təmir abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlandırma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun baralyefi quraşdırılmışdır. Bundan başqa Milli Qəhrəman M.İbrahimov və Azərbaycan Bayrağı ordenli M.Mahmudovun adları verilmiş küçələrdə də onların baralyeflərinin quraşdırılması üçün hazırlıq işləri görülür.
Gənclər Mərkəzi və Təhsil Şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmişdir. Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati bina əsaslı təmir işləri davam etdirilir. Binanın fasad hissələri müasir memarlıq üslübunda aqlay daşı ilə üzlənmiş, gecə işiqlanması ilə təchiz edilmiş və pəncərələr dəyişdirilmişdir. Hazırda binanın daxilində əsaslı təmir işləri aparılır. YAP-ın inzibati binasının, Rayon Mədəniyyət evinin, Şahmat məktəbinin və rayon İcra hakimiyyətinin inzibati binasının fasad hissələri gecə işıqlanma sistemi ilə təchiz edilmişdir.
2014-2018-ci illərin Regionların Sosial-iqtisadi İnkişaf proqramında nəzərdə tutulmuş işlərlə baglı 2015-ci ilin iyun ayından Tərtər şəhərində su və kanalizasiya sisteminin yenidən qurulması işinə başlanılmışdır.
Tərtər şəhərinin su təchizatı sisteminin yenidən qurulması ilə bağlı şəhərin aşağıda adları göstərilən H.Əliyev prospekti, T.Rəhimov, N.Nərimanov, F.Qulami, E.Hüseynov, M.Hüseynzadə, M.Əsədov, Q.Mehdiyev, Ş.Qurbanov, V.Orucov, B.Bağırova, Ə.İsmayılov küçələrində 2015-ci ilin iyul-sentyabr aylarında diametri 200, 300, 400, 500 mm olan qofralı boru ilə 25974 metr magistral kanalizasiya xətti çəkilmişdir. Həmçinin hımin kanalizasiya xəttinin üzərində diametri 1000 mm olan 644 ədəd dəmir beton baxış quyusu tikilmiş, 673 abonentə diametri 800 mm olan dəmir beton quyularla kanalizasiya ev birləşməsi çəkilmişdir.
Hal-hazırda Tərtər şəhərinin fasiləsiz olaraq içməli su ilə təmin etmək üçün su təchizatı sistemində hər bIrinin dərinliyi 30 metr olmaqla 2 ədəd subartezian quyusu qazılır.
2015-ci il ərzində 110/35/6 kv-luq Tərtər yarımstansiyasından çıxan 9 saylı şəhər hava xəttində 6 kv-luq hava xəttinin 3,1 km-də naqillər yeraltı kabellə əvəz edilmişdir.
Şəhərin T.İsmayılov, Sahil, E.Səfərov, Ə.İsmayılov, F.Qulami, S.Vurğun, Q.Mehdiyev, M.Hüseynzadə və H.Əliyev prospektində, 10 ədəd müxtəlif güclü transformator məntəqələri ilə əvəz edilmiş, transformatorların ətrafında qum-çınqıl döşənmiş, aqlay vurulmuş, ətrafları çəpərlənmiş, sxemaya qoşulmuşdur. Cavanşir, V.Orucov, H.Əliyev, Babək, V.Həsənov, Peşə məktəbinin həyətində 7 müxtəlif güclü TM quraşdırılmış, transformatorların ətrafına qum-çınqıl döşənmiş, aqlay vurulmuş, ətrafları çəpərlənmiş, sxemaya qoşulmağa hazırdır.
M.Hüseynzadə və E.Hüseynov küçələrində 0,4 kv-luq hava xətlərinin 7,8 km SİP markalı kabel xətti ilə əvəz edilmişdir.
Hesabat ərzində təbii qaz təminatının yaxşılaşdırılmasına yönədilmiş tədbirlər davam etdirilmişdir.
Əhalinin təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması məqsədilə rayonun H.Əliyev, H.Aslanov, Sabir, Vaqif, Nizami, M.F.Axundov, V.Hüseynov, E.Hüseynov,T.Rəhimov,S.Vurğun,T.İsmayılov,Ş.Qurbanov, Ə.İsmayılov, Ə.Paşayev, M.Hüseynzadə, M.Kərimov küçələrində 50 ədəd qaz tənzimləyici şkaflar yeniləri ilə əvəz olunmuşdur və əlavə olaraq əhalinin təhlükəsiz və fasiləsiz təbii qazla təmin olunması məqsədi ilə 13 ədəd yeni ŞQTM quraşdırılmış və şəhərin F Qulami, S.Vurğun, R.Kərimov,B.Bağırova və Q.Məmmədov küçələrinə D-57 mm-lik 1900 pm yeni küçə qaz xətləri çəkilmişdir.
H.Əliyev pr-ti 83 saylı beşmərtəbəli binanın 1220 kv.m sahə, Ə.Paşayev küçəsi 30 saylı beşmərtəbəli binanın 950 kv.m sahə, 12, 20, 33, 35 saylı iki mərtəbəli binaların ümumi sahəsi 1540 kv.m olan, Q.Məmmədov 30 saylı beşmərtəbəli 950 kv.m sahə, ümumilikdə cəmi 4820 kv.m dam örtüklərində əsaslı təmir işləri aparılaraq müasir tipli cerepitsayla əvəz edilmişdir.
Q.Məmmədov küçəsində yerləşən beşmərtəbəli kommunal yaşayış binasının ətrafı zibillikdə, zəbt edilmiş sahələrdən təmizlənib yaşıllıq zolağı salınaraq vətəndaşların istirahəti üçün şərait yaradılmışdır.
Şəhərin Nizami, Ə.Paşayev, Vüqar Həsənov küçələrində nümunəvi məhəllələr salınmışdır.
Yığıncaqda çıxış edən Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən Tərtər rayonuna göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhər sakinlərinin həyat şəraitinin yaxşılaşdırılması üçün nəzərdə tutulan işlərdən danışmışdır.
Rayon rəhbəri son dövrlər manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, suni qiymət artımının qarşısının alınması məqsədi ilə rayonda təxirəsalınmaz tədbirlər görüldüyünü qeyd etmişdir. Bildirilmişdir ki, rayon icra hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Rayonda hər birinin tərkibində 10 nəfər olmaqla 10 qrup suni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir.
Sonra M.Məmmədov sahibkarlara dövlət dəstəyindən danışaraq, sahibkarlara yaradılan burokratik əngəllərin aradan qaldırıldığını, onlara lazimi şərait yaradıldığını bildirmişdir.
Yığıncaqda çıxış edənlər görülən işləri yüksək qiymətləndirib, cari ildə qarşıda duran vəzifələrdən danışmışlar.