Tərtərdə vətəndaşların və sahibkarların müraciət və təklifləri dinlənildi
Respublika Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyəti vətəndaşların müraciətlərinə baxılması, onların problemlərinin yerindəcə həll olunması, sakinlərin həyat səviyyəsinin yüksəldilməsi işinə həmişə diqqət və qayğı ilə yanaşır. Bu məqsədlə 16 yanvar 2016-cı il tarixdə keçirilən qəbulda 250 nəfərə yaxın sakin iştirak etmişdir.
Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlartın rəhbərləri, icra nümayəndələri, sahibkarlar, ağsaqqallar şurasının üzvləri və ictimayyətin nümayəndələri iştirak etmişlər.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı M.Məmmədov 2015-ci ildə rayonda görülən işlər barədə məlumat vermişdir. O, qeyd etmişdir ki, bu il rayon mərkəzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli, 6 mərtəbəli yaşayış binası tikilib istifadəyə verilmişdir. Ev növbəsində qeydiyyata alınan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlili üçün fərdi yaşayış evlərinin tikintisi davam etdirilir.
Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilişi işləri görülmüşdür. Azərbaycanın Milli Qəhrəmanı V.Orucov adına küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun barelyefi quraşdırılmışdır. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun, “Azərbaycan Bayrağı” ordenli Mehrac Mahmudovun, şəhid İlqar Həsənovun adları verilmiş küçələrdə də abadlıq işləri aparılmış və həmin küçələrin girişində də tezliklə baralyeflər qoyulacaqdır.
Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasında, müasir tələblərə cavab verən yeni şahmat məktəbində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında tikinti işləri davam edir. Qapanlı kəndində yeni tibb məntəqəsi istifadəyə verilmişdir. Bəyimsarov kənd xəstəxanasında və Qaraağacı kənd tam orta məktəbində, Mədəniyyət Mərkəzinin Soyulan folklar klubunda əsaslı, Mərkəzi rayon xəstəxanasının yardımçı binasında, Qazyan kənd həkim məntəqəsində, Əskipara kənd tam orta məktəbində, Qazyan kənd ümumi orta məktəbində, Kovdadıq kənd ibtidai məktəbində və Mədəniyyət mərkəzinin Ələsgərli filialında, Ələsgərli və Qaradağlı kənd kitabxanalarında cari təmir işləri görülmüşdür. Gənclər Mərkəzi və Təhsil Şöbəsinin inzibati binasının fasad hissələri aqlay daşı ilə üzlənmiş, hər iki bina gecə işıqlanması ilə təchiz edilmişdir. Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati binanın fasad hissələri müasir memarlıq üslübunda aqlay daşı ilə üzlənmiş, gecə işıqlanması ilə təchiz edilmiş və pəncərələri dəyişdirilmişdir. 29 ictimai binanın dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda yenidən qurulmuşdur. Tərtər Cümə Məscidində əsaslı təmir işləri aparılmışdır.
Təmas xəttində yerləşən 5 kənd gecə işıqlandırılması ilə təmin olunmuşdur.
Yaşayış binalarının yerləşdiyi ərazilərdə 3 “Nümunəvi məhəllə” salınmışdır.
İl ərzində 44 subartezian quyusu istifadəyə verilmişdir.
2015-ci ilin iyun ayında Tərtər şəhəri və ətraf 11 kəndinin içməli su və kanalizasiya sisteminin qurulması layihəsinin icrasına başlanılmışdır. Hazırda Tərtər şəhərinin 13 küçəsində qazıntı və quraşdırma işləri aparılmış, 26 kilometr magistral kanalizasiya xətti, 12.4 kilometr magistral su xətti çəkilmiş, 1317 ədəd dəmir-beton baxış quyuları quraşdırılmışdır. Tutumu 5000 kubmetr olan su anbarının tikintisinə başlanılmışdır. Anbara 1200 metr su xətti çəkilmişdir.
Əhalinin enerji ilə fasiləsiz təminatı üçün aparılan işlər davam etdirilmişdir. Tərtər şəhərində 10 ədəd yeni transformator quraşdırılmışdır. Çaylı kəndində məskunlaşmış məcburi köçkünlər üçün yeni 1.55 km 6 kv-luq hava xətti və kəndin içində 2.5 km 0.4 kv-luq hava xətti çəkilmişdir. Bu sahədə müəyyən işlər görülsə də, əhalinin elektrik enerjisi ilə tam təmin olunması üçün görülən işlər hələ çoxdur.
Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərin qazlaşdırılması davam etdirilmişdir. Artıq 32 yaşayış məntəqəsi qazlaşdırılmış, 10 yaşayış məntəqəsində isə işlər sürətlə davam etdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar əhalinin, xüsusilə aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi, suni qiymət artımının qarşısının alınması məqsədi ilə rayonda təxirəsalınmaz tədbirlər görüldüyünü qeyd etmişdir. Bildirilmişdir ki, rayon icra hakimiyyəti yanında istehlak bazarına nəzarəti həyata keçirən komissiya yaradılmışdır. Rayonda hər birinin tərkibində 10 nəfər olmaqla 10 qrup suni qiymət artımının qarşısının alınmasına nəzarət edir. Həmin qruplara rayon icra hakimiyyətinin səlahiyyətli nümayəndələri rəhbərlik edir.
Sonra M.Məmmədov sahibkarlara dövlət dəstəyindən danışaraq, sahibkarlara yaradılan burokratik əngəllərin aradan qaldırıldığını, onlara lazimi şərait yaradıldığını bildirdi.
Qəbulda vətəndaşlar tərəfindən edilən müraciətlərin çoxu sosial və aqrar məsələlərlə bağlı oldu. Onların müraciətləri operativ surətdə yerindəcə həll olundu, 2 nəfər tələbəyə təhsil haqlarının ödənilməsi üçün maddi köməklik göstərildi.
“Azərbaycan Bayrağı” Ordenli Şahlar allahverdiyevin atası Mənsim Allahverdiyevə oğlunun adını daşıyan Sarov kənd tibb məntəqəsinə baralyefi qoyulacağı bildirildi.
Bundan başqa vətəndaşlar tərəfindən işıq, qaz və əkin sahələrinin suvarılması, ayrı-ayrı vətəndaşlara həyətyanı torpaq sahələrinin verilməsi ilə bağlı olunan müraciətlərlə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.
Vətəndaşlar rayon icra başçısının qəbuluna yalnız problemlərinin həll edilməsi üçün deyil, onlara göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə minnətdarlıq etmək üçün də gəlmişdilər.
Tədbirdə iştirak edən sahibkarlardan Borsunlu kəndinin sakini İlham Məmmədov, Hüsənli kəndindən cins eksperimental kəndli fermer təsərrüfatının başçısı Məhərrəm Əliyev , Ələsgərli kəndindən Məhəmməd Şirinov, Bəyimsarov kəndindən Habil İbrahimov və başqaları maraqlı təkliflərlə çıxış etdilər. Təkliflərdə konserv zavodunun, süd emalı zavodunun fəaliyyətinin bərpa olunması, pambıqçılıq, tingçilik, heyvandarlıq, taxılçılıq və digər dənli bitkilərin inkişafı da yer aldı. Edilən təkliflərin həyata keçirilməsi yeni iş yerlərinin açılması, əhalinin maddi-rifah halının yüksəldilməsi, sosial problemlərin həllinə bir açar olacağı vurğulandı.
Qeyd olundu ki, verilən təkliflərə mütəxəssislərlə birlikdə baxılaraq tezliklə layihələr və biznes planları hazırlanaraq rayon icra hakimiyyətinə təqdim olunsun.
Rayon rəhbəri tərəfindən idarə və müəssisə rəhbərlərinə vətəndaşların müraciətlərinə diqqət və qayğı ilə yanaşılması tövsiyyə olundu.