Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il ərəfəsində: Rayonun Qaradağlı kəndi də təbii qazla təmin olundu

18 dekabr 2015 | 16:00

Cəbhə bölgəsinsə yerləşən Tərtər rayonunun yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Dekabrın 18-də rayonun Qaradağlı kəndinə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak etmişlər.

Tədbiri Qaradağlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Razil Məmmədov açmışdır. Bildirmişdir ki, kənddə 2250 nəfər əhali yaşayır, 500  abonentin mənzilinə “mavi alov” veriləcək, ümumilikdə ərazidə birpilləli sistem əsasında 25972 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir, 500 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.

Kənd ağsaqqalı Bayram Orucov, sakinlərdən Həqiqət Əliyeva, Süleyman Məmişov, Minə Qarayeva çıxış edərək Yeni il ərəfəsində kəndlərinə təbii qazın verilməsini böyük sevinclə qarşıladıqlarını qeyd etmiş, yaşadıqları kəndin “mavi yanacaq”la təmin olunduğuna görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər.

Tədbirdə iştirak edən Tərtər Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Elməddin İbrahimov da uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndlərə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.

Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti başçısı  Müstəqim Məmmədov çıxış edərək kənd sakinlərini qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni il bayramı və kəndə təbii qazın verilməsi münasibəti ilə təbrik etdi. Bildirdi ki, son illərdə respublikamızda sürətli sosial-iqtisadi inkişaf müşahidə edilir, ölkəmizdə mühüm enerji, nəqliyyat və yol infrastrukturu layihələri icra olunur, o cümlədən Tərtər rayonunda da tikinti-quruculuq və abadlıq işləri aparılır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri də uğurla davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı 32 kəndimiz qazla təmin olunmuşdur. 10 kəndimizdə çəkiliş işləri surətlə davam etdirilir.

Sonra rayon rəhbəri ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırmış, kənd sakini Süleyman Mənsimovun fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etmişdir.

Keçidlər