Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyev Tərtərdə yenidənqurmadan sonra istifadəyə verilən Heydər Parkının və buradakı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

11 oktyabr 2012 | 15:00

Parkın ərazisini gəzən dövlət başçısına məlumat verildi ki, ölkəmizin hər yerində olduğu kimi, ulu öndər Heydər Əliyevin xatirəsi tərtərlilər tərəfindən də əziz tutulur. Rayon sakinlərinin və qonaqların sevimli istirahət guşəsi olan Heydər Parkı müasir üslubda, gözoxşayan memarlıq ənənələrinə uyğun şəkildə yenidən qurulmuşdur. Aparılan yenidənqurma işləri nəticəsində 2 hektar ərazidə dekorativ gül və ağac kolları əkilmişdir. Burada yeni oturacaqlar quraşdırılmış, müasir işıqlandırma sistemi yaradılmışdır. Əhalinin səmərəli istirahəti üçün hərtərəfli şəraitin mövcud olduğu parkda yaşıllıq zolağı daha da genişləndirilmişdir.

Prezident İlham Əliyev parkın əvvəlki və sonrakı görüntülərini, eləcə də Tərtər rayonunda görülən abadlıq-quruculuq işlərini əks etdirən fotostendlərə baxdı.

Bildirildi ki, parkın giriş qapısı tağbənd üslubunda işlənilmiş, iki fəvvarə, iki su kanalı, müasir tipli iki çay evi, yeddi körpü yaradılmışdır. Parkda dekorativ ağaclar və gül kolları əkilmişdir. Yay aylarında sakinlərin mənalı istirahəti və əylənmələri üçün parkın ərazisində açıq havada 450 yerlik xüsusi salon yaradılmışdır. Parkda müasir memarlıq üslubunda Heydər Əliyev Mərkəzi inşa olunmuşdur.

Heydər Əliyev Mərkəzi ilə tanış olan dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, milli memarlıq elementlərindən istifadə olunmaqla müasir texnologiyalara uyğun inşa edilən mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 432 kvadratmetrdir. Birinci mərtəbədə ulu öndər Heydər Əliyevin irsinin gənc nəsillərə ötürülməsi üçün konfrans zalı, kompyuter mərkəzi, elektron kitabxana yaradılmışdır. Tədris siniflərində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi ilə yanaşı, ulu öndərin mədəniyyətə, incəsənətə, idmana və digər sahələrə diqqət və qayğısını əks etdirən məlumatlar veriləcəkdir. Bundan əlavə, mərkəzdə xarici dillər otağı və rəsm studiyası da yaradılmışdır. Burada gənc nəslin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının daha yaxşı inkişaf etdirilməsinə yönələn kurslar təşkil olunacaqdır.

Ulu öndərin büstünün qoyulduğu mərkəzin ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən muzey də yaradılmışdır. Burada ulu öndərin müxtəlif illərdə ölkəmizin ayrı-ayrı bölgələrinə səfərləri, keçirdiyi görüşləri əks etdirən fotoguşələr də yaradılmışdır. Tərtərlilər ümummilli liderin xilaskarlıq missiyasını heç zaman unutmur və onun xatirəsini əziz tuturlar. Tərtərdə yaradılan bu möhtəşəm mərkəzdən bəlli olur ki, ümummilli lider Heydər Əliyev xalqının qəlbində əbədi olaraq məskən salmışdır. Ümumilikdə mərkəz ulu öndər Heydər Əliyev irsinin öyrənilməsində mühüm rola malikdir. Rayon əhalisinin mərkəzin imkanlarından yararlanması üçün bütün lazımi şərait yaradılmışdır.

Görülmüş işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
 

Keçidlər