Cəmilli və Bayandurlu kəndlərinə “mavi yanacaq” verildi
Cəbhə bölgəsinsə yerləşən Tərtər rayonunun yaşayış məntəqələrinin təbii qazla təmin olunması istiqamətində tədbirlər davam etdirilir.
Noyabırın 26-da rayonun Cəmilli və Bayandurlu kəndlərinə təbii qazın verilməsi münasibətlə keçirilən mərasimdə rayon icra hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri iştirak etmişlər.
Kənd ağsaqqalı Əfsəl Binnətov, sakinlərdən Səfayət Xəlilova, Ələddin Əliyev çıxış edərək uzun illər kəndlərində mavi yanacaq olmadığından çox əziyyət çəkdiklərini və yanacağa olan təlabatın ödənilməsi üçün daha çox vəsait xərcləndiyini qeyd etdilər. Qış fəsli ərəfəsində kəndlərinə təbii qazın verilməsini böyük sevinclə qarşıladıqlarını, yaşadıqları kəndin “mavi yanacaq”la təmin olunduğuna görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirdə Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Oktay Qarayev çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Qeyd etdi ki, 2230 nəfər sakini olan Cəmilli kəndində 315 ədəd, 503 nəfər sakini olan Bayandurlu kəndində isə 76 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılmışdır. Hər iki kənddə birpilləli sistem əsasında ümumilikdə 23400 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmişdir.
Tədbirdə iştirak edən Milli Məclisin deputatı Sahib Alıyev də uzun illərdir yanacaq sarıdan əziyyət çəkən kəndlərə təbii qazın verilməsi münasibətilə sakinləri təbrik etdi, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzuladı.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Bildirdi ki, son illərdə respublikamızda sürətli sosial-iqtisadi inkişaf müşahidə edilir, ölkəmizdə mühüm enerji, nəqliyyat və yol infrastrukturu layihələri icra olunur, o cümlədən Tərtər rayonunda da tikinti-quruculuq və abadlıq işləri aparılır. “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı” Dövlət Proqramına uyğun olaraq rayonun yaşayış məntəqələrinə təbii qazın verilməsi işləri də uğurla davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı 30 kəndimiz qazla təmin olunmuşdur. Sarov, Bəyimsarov, Qaradağlı, Seydimli, Köçərli, İlxıçılar, Azad Qaraqoyunlu, Dəmirçilər, Ağkənd, Kəbirli kəndlərində çəkiliş işləri surətlə davam etdirilir.
Sonra rayon rəhbəri ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırmış, kənd sakini Ələddin Əliyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etmişdir.