Rayonda yeni artezian quyuları istifadəyə verildi
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları istifadəyə verilir.
Noyabrın 19-da rayonunun daha iki kəndində-Köçərli və Hüsənli kəndlərində, ümumilikdə 82 hektar əkin sahəsinin suvarılması üçün nəzərdə tutulan yeni artezian quyuları istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov son illər respublikada, o cümlədən Tərtər rayonunda gedən sosial-iqtisadi inkişafdan, əhalinin sosial problemlərinin həlli, o cümlədən suvarma və içməli suya olan tələbatlarının ödənilməsi sahəsində görülən işlərdən danışmışdır. Bildirilmişdir ki, Tərtər rayonunda hazırda 470 artezian və subartezian quyusu fəaliyyət göstərir. Növbəti mərhələlərdə də əhalinin suya olan təlabatının ödənilməsi üçün yeni quyuların qazılması nəzərdə tutulur.
Tədbirdə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quluyev iştirak etmişdir.
Tədbirdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.