Dövlət Bayrağı günü təntənə ilə qeyd olundu: Bayraq and yerimiz, qürur mənbəyimizdir
9 noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir.
Heydər Əliyev prospektindən başlanan yürüş Dövlət Bayrağı Meydanına qədər davam etmişdir.
Əvvəlcə hərbçilər əllərində Dövlət Bayrağı ilə musiqi sədaları altında meydana daxil oldular, onların ardınca isə “Şahinlər” və “Cəsurlar” komandaları marş sədaları altında öz yerlərini tutdular. Tədbir “Bayraq” şeiri ilə başladı. Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi. Rayon rəhbəri Azərbaycan Bayrağının keçdiyi şanlı tarixi yoldan danışaraq qeyd etdi ki, şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı üç dəfə, Azərbaycan Sovet Respublikasının bayrağı isə 9 dəfə müxtəlif şəkillərdə tərtib edilmişdir. Nəhayət, 1991-ci ilin fevralın 5-də isə Müstəqil Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi Azərbaycan Demokratik Respublikası dövründə qəbul edilmiş üçrəngli bayraq qəbul edilmişdir.
Azərbaycanın üçrəngli bayrağı ikinci dəfə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin iclas zalında qaldırıldı. Azərbaycanın üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Ali Sovetinin qərarı ilə bərpa olundu.
Rayon rəhbəri qeyd etdi ki, Respublika Prezidenti cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu ilin noyabrında isə Dövlət Bayrağı gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən hər il noyabrın 9-u Respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
2007-ci ilin dekabrında Bakının Bayıl qəsəbəsində-Hərbi Dəniz Qüvvələrinin bazasının yaxınlığında Dövlət Bayrağı Meydanının təməli qoyulmuşdur. Dünyanın ən əzəmətli bayrağının məhz Azərbaycanda ucaldılması biz azərbaycanlıların bayraq eşqinin, bayrağa sədaqətinin manifesti kimi qəbul olunur. Bu gün Azərbaycanın mərkəzi Bakıda 162 metr hündürlüyündəki bayrağımızın yerləşdiyi meydan hər qardaşımızın, bacımızın, böyüyümüzün, kiçiyimizin and yeri, müqəddəs məkanı, Vətən məbədidir.
Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Bu dövlət rəmzləri Bayraq Meydanının möhtəşəmliyinin daha da artırmış, onun görünüşünə əlavə çalar qatmışdır. Ölkə rəhbəri cənab İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılmışdır.
Rayonumuzda da, tikilmiş Bayraq meydanı qəhrəman tərtərlilərin and yeri, qurur mənbəyidir. 65 metr hündürlükdə - üzdəniraq qonşularımızın bir addımlığında dalğalanan Azərbaycan bayrağı cəbhə bölgəsində yerləşən rayonumuzun sakinlərinin qəlbini fərəh, qürur hissi ilə doldurur. İki hektar ərazidə insan əli ilə yaradılmış əsrarəngiz gözəlliklər göz oxşayır. Bayraq meydanında rayon sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Bu gün başımızın üzərində dalğalanan müstəqil Azərbaycanımızın üçrəngli bayrağı altında işləmək də, istirahət etmək də gözəldir.
Millət və dövlət kimi varlığımızın sübutu, atalarımızın əmanəti olan, uğrunda minlərlə vətən övladının canından keçdiyi bayrağımızı sevirik və bundan sonra da sevməliyik. Onu bundan sonra da, son damla qanımıza qədər qoruyacaq və uca tutacağıq. Namusumuz, qeyrətimiz, şöhrətimiz olan bayrağımız ucaldıqda biz də ucalacağıq. Azərbaycan Bayrağı daim sülh səmasında dalğalanacaqdır.
Sonda M.Məmmədov bir daha rayon sakinlərini Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə təbrik edərək, hər birinə uzun ömür, cansağlığı, ailə səadəti, firavan həyat arzuladı.
Sonra tədbir rayon mədəniyyət evinin özfəaliyyət kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdi.