18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi günüdür
18 oktyabr Dövlət Müstəqilliyi Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilmişdir. Toplantını giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılıarını Dövlət Müstəqilliyi günü münasibəti ilə təbrik edərək, onlara müstəqil dövlətimizin daha da çiçəklənməsi naminə işlərində uğurlar dilədi. Rayon rəhbəri bildirdi ki, hər bir xalqın taleyini müəyyən ziddiyətli və mürəkkəb mərhələdə edilmiş tarixi seçimin məzmunu şərtləndirir. Məhz bu mərhələdə meydana çıxan fenomenal liderlər xalqın əsrlər boyu formalaşan siyasi dünyagörüşü əsasında özlərinin mükəmməl dövlətçilik konsepsiyasını ortaya qoyur, siyasi varislik ənənələri formalaşdırırlar. Ötən əsrin ortalarında – 1969-cu ilin 14 iyulunda ulu öndərimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə irəli çəkilməsi xalqımızı milli müstəqilliyə doğru aparan nurlu bir yolun başlanğıcına çevrilmişdir.
Azərbaycanda geniş vüsət almış milli azadlıq hərəkatı ilə eyni dövrdə xalqda milli heysiyyatı, özünüdərki daha da gücləndirən, milli dövlət rəmzlərinə hörmət təlqin edən genişmiqyaslı addımlar da məhz ulu öndərimiz Heydər Əliyevin keçmiş Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına rəhbərlik etdiyi dövrdə atılmışdır. 1991-ci il avqustun 30-da keçmiş Azərbaycan SSR Ali Soveti Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin səyləri ilə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” bəyanat qəbul etmişdir. Bəyanatda Azərbaycan Respublikasının dövlət müstəqilliyinin BMT-nin nizamnaməsində, digər beynəlxalq hüquqi faktlarda və konvensiyalarda təsbit edilmiş prinsiplərə müvafiq surətdə tanınması üçün dünya dövlətlərinə çağırış da yer almışdır. Ali Sovetin 30 avqust tarixli iclasında bəyanatla yanaşı, “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı layihəsinin iki həftə müddətində hazırlanması barədə qərar qəbul edilmişdir. Respublika rəhbərliyi bu prosesi iki aya yaxın ləngitsə də, xalqın müstəqillik arzusuna qarşı çıxa bilməmişdir. Nəhayət, 1991-ci il oktyabrın 18-də görkəmli dövlət xadimi Heydər Əliyevin də əsas təşəbbüskarlardan biri kimi imzaladığı “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktı” ilə Azərbaycanın istiqlaliyyəti bütün dünyaya bəyan edilmişdir.
Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsindəki misilsiz xidmətlərini bir daha təsdiqləyir. Lakin tarixi təcrübədən bu da məlumdur ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-ci ilin 18 oktyabrında Azərbaycan özünün dövlət müstəqilliyini elan etsə də, ilk illərdə bu, əslində formal səciyyə daşımışdır. Dövlət müstəqilliyinin ilkin mərhələsində - 1991-1993-cü illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdır. Bu təlatümlü hadisələr təsdiqlədi ki, yalnız dəmir iradəyə, fitri idarəçilik keyfiyyətlərinə, geniş siyasi dünya-görüşünə malik xarizmatik lider Azərbaycanın dövlət müstəqilliyinin qorumaq, möhkəmləndirmək və yaşatmaq kimi ağır missiyanın öhdəsindən gələ bilər.
Azərbaycanın yeni neft strategiyasının hazırlanaraq həyata keçirilməsi ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir. 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasının milli inkişafdakı misilsiz əhəmiyyəti bugünkü intensiv sosial-iqtisadi inkişaf fonunda daha qabarıq görünür. Azərbaycana son illərdə böyük uğurlar gətirən neft strategiyasının əsas mahiyyəti ölkənin malik olduğu təbii sərvətlərdən Azərbaycan xalqının rifahi naminə daha uğurlu şəkildə istifadə etməyə əsaslanır. Azərbaycan xarici siyasət və diplomatiya, ordu quruculuğu, insan hüquq və azadlıqlarının təminatı, beynəlxalq təşkilatlarla əməkdaşlıq sahəsində də böyük uğurlar qazanmışdır.
Bu gün Azərbaycan və onun istiqlaliyyəti üçün ən mühüm təminat faktoru odur ki, ümummilli liderimiz Heydər Əliyevin bərqərar etdiyi güclü dövlətçilik xəttini uğurla davam etdirən yeni lider var. Azərbaycan Prezidenti cənab İlham Əliyev böyük öndərdən təhvil aldığı dövləti onun ideyalarına sadiq qalaraq inkişaf etdirmək əzmindədir. 2003-cü ilin 15 oktyabrında xalqımız Heydər Əliyev siyasi kursunu yüksək vətəndaş fəallığı ilə dəstəkləyərək, bu məktəbin ən layiqli nümayəndəsini – cənab İlham Əliyevi özünə rəhbər seçməklə yeni əsrdə böyük uğur və nailiyyətinə imza atmışdır. Bu tarixi seçim nəticə etibarilə dövlətimizin sonrakı mərhələdə möhkəm sabitlik, tərəqqi və yüksəliş yolunda irəliləməsinə ciddi təminat olmuşdur.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin respublikaya rəhbərliyi dövründə əldə olunmuş böyük nailiyyətlər Azərbaycan xalqının öz seçimində qətiyyən yanılmadığını bir daha təsdiqləyir. Bu gün Azərbaycan Prezidentinin rəhbərliyi ilə görülən işlər, əldə olunan uğurlu nəticələr hələ ötən əsrin 90-cı illərinin ortalarından ulu öndərimiz Heydər Əliyev tərəfindən başlanmış çoxşaxəli islahatlar kursunun məntiqi davamıdır.
Sonra YAP rayon təşkilatının sədri Ramiz Şabanov, Kəngərli kənd tam orta məktəbin direktoru İmran Məmmədov, “Əməkdar müəllim” Afaq Xəlilova və diğərləri çıxış edərək müstəqilliyin Azərbaycan vətəndaşlarına bəxş etdiyi hüquq və azadlıqlardan danışmışlar.