Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunmuşdur
Tərtərdə prokurorluq işçilərinin peşə bayramı qeyd olunmuşdur. Əvvəlcə rayon prokurorluğunun işçiləri rayonun mərkəzi meydanına gələrək ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbir sonra Heydər Əliyev Mərkəzinin akt zalında davam etdirilmişdir. Tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov qeyd etmişdir ki, çətin və şərəfli bir təkamül yolu keçmiş prokurorluq orqanları bu gün dövlətçilik ideyalarına sarsılmaz inam və sadiqlik nümayiş etdirir, qanunun aliliyinin təmin olunmasında, cinayətkarlığa qarşı mübarizədə, vətəndaşların hüquqlarının etibarlı müdafiəsində öz xidmətlərini göstərir.
Sonra rayon prokuroru Azər Hətəmov, rayon hərbi prokuroru Fuad Məmmədov, MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, polis şöbəsinin rəisi Rauf Məcidov çıxış edərək ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan danışmışlar. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamı ilə prokurorluq işçilərinin peşə bayramının təsis olunması prokurorluq orqanlarına dövlət qayğısının parlaq təzahürüdür.
Tədbirdə müasir dövrdə prokurorluğun yerinə və roluna münasibət bildirilmişdir. Diqqətə çatdırılmışdır ki, dövlətimizin başçısı tərəfindən həyata keçirilən hüquq islahatları nəticəsində qanunçuluğu və insan azadlığını hərtərəfli təmin edən vətəndaş cəmiyyəti yaradılmışdır. Prokurorluq orqanları bu sahədə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirlər.
Tədbirin sonunda Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən xidmətdə fərqlənən bir qrup rayon prokurorluq orqanının əməkdaşına Fəxri Fərman və qiymətli hədiyyələr təqdim olunmuşdur.