Rayonda “15 sentyabr Bilik-günü” qeyd olundu
Sentyabrın 15-də Tərtər rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə təmas xəttində yerləşən Qapanlı kənd tam orta məktəbində “Bilik bayramı”nda iştirak etmişdir.
Qapanlı kənd tam orta məktəbində 160 nəfər şagird təhsil alır. Bu il birinci sinfə 20 nəfər şagird qəbul edilmişdir. 17 nəfər isə XI sinifdə təhsil alır. Ermənilər tərəfindən atəşkəs hər gün pozulsa da kənddə həyat öz axarı ilə davam edir.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fitat Əliyeva müəllim və şagirdləri “bilik günü” münasibəti ilə təbrik edərək, dövlət tərəfindən təhsilə göstərilən diqqət və qayğıdan, məktəbin uğurlarından danışdı. Qeyd etdi ki, bu il məktəbi bitirən 17 məzundan 7 nəfər ali məktəbə iş verib, onlardan 5 nəfər isə müxtəlif ali məktəblərə daxil olmuşdur.
Sonra məktəbin müəllimləri adından Sadiq Məmmədov, valideynlər adından Fəridə Mustafayeva, X sinif şagirdləri Aysel Quliyeva, Əfsanə Tanrıverdiyeva çıxış edərək öz ürək sözlərini bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Bilik günü” münasibəti ilə rayonumuzun təhsil işçilərini və şagirdləri təbrik edərək, onlara təhsildə uğurlar dilədi. Bildirdi ki, respublika Prezidenti cənab İlham Əliyev tərəfindən milli təhsilimizə yüksək səviyyədə diqqət və qayğı göstərilir. Dövlət tərəfindən, Heydər Əliyev Fondu tərəfindən yeni məktəblər , internat evləri, liseylər tikilir, məktəblərin maddi-texniki bazası gücləndirilir. Təhsilə göstərilən qayğı gələcəyimizə göstərilən qayğıdır. Məhz bu qayğı nəticəsində təhsildə uğurlu nəticələr əldə olunur.
Məlumat üçün bildiririk ki, bu il ali məktəblərə iş verən 331 nəfər məzundan 181 nəfər ali, 60 nəfər isə orta ixtisas məktəblərinə daxil olmuşlar. 6 nəfər 600-dən, 16 nəfər 500-dən yuxarı bal toplamış, 5 nəfər hərbi məktəbə daxil olmuşdur. Qəbulda şəhər 1 və 5 saylı, Gülabatlı, Qaradağlı, Umudlu, Hacıqərvənd, Azad Qaraqoyunlu, İsmayılbəyli, Xoruzlu, Bəyimsarov tam orta məktəbləri fərqlənmişlər.
Bu il isə 979 nəfər birinci sinfə qəbul edilmiş, 706 nəfər isə XI sinifdə təhsil alır. İnanırıq ki, bu il təhsildə qazanacağımız uğurlar ötən ildəkindən yüksək olacaq.
Sonra çalınan zəng uşaqları sinif otaqlarına səslədi. Əllərində gül-çiçək dəstələri tutmuş şagirdlər siniflərə daxil oldular. Rayon icra hakimiyyətinin başçısı birincilərə məktəbli çantası və dərs ləvəzimatları hədiyyə etdi.
Rayonun digər məktəblərində də “Bilik günü” münasibəti ilə tədbirlər keçirildi.
Şəhər 2 saylı məktəb-liseyin “Bilik günü”ndə isə rayon icra hakimiyyəti başçısı ilə birgə Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”nun aparıcı məsləhətçisi Almaz Axundova da iştirak etmişdir.