Vətəndaşların müraciətlərinə diqqətlə yanaşılır
Belə görüşlərdən biri də avqustun 6-da rayonun Kəngərli kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Tədbiri açan Kəngərli kənd İƏD üzrə nümayəndə Xamis Əsgərov əvvəlcə kənd haqqında ümumi məlumat vermiş, sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Zinyət Hümbətova, Nizami Mikayılov, Valeh Həsənov, Elburus Sadıqov, Neymət İbrahimov və başqaları rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərinə, iyulun 31-də kəndə qaz çəkilişinin başa çatdırılaraq sakinlərin istifadəsinə verilməsinə görə razılıqlarını ifadə edib, əhalinin həyat şəraiti və mövcud olan bəzi problemlərdən söz açıblar. Əsasən kənddə suvarma suyu ilə təminatın yaxşılaşdırılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin dəyişdirilməsinə ehtiyac olduğunu diqqətə çatdırmışlar.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən, sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıdan danışmış, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.