Rayonun Mamırlı və Poladlı kəndlərinə mavi yanacaq verildi
İyulun 31-də rayonun Mamırlı və Poladlı kəndlərinə təbii qazın verilməsi münasibətilə təntənəli mərasim keçirildi. Mərasimi giriş sözü ilə Mamırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndə Şikar Əliyev açaraq Mamırlı kəndində 1648 nəfər, Ploadlı kəndində isə 519 nəfər sakinin yaşadığını, Mamırlı kəndində 342 nəfər, Poladlı kəndində 120 nəfər abonentin mənzilinə “mavi alov”un verildiyini, ümumilikdə ərazidə birpilləli sistem əsasında 46635 paqonometr uzunluğunda müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkildiyini, 462 ədəd sayğac və fərdi tənzimləyici quraşdırıldığını bildirmişdir.
Sonra kənd ağsaqqalı Asif Abbasov, kənd sakiniləri Zenfira Qurbanova, Məzahir Cəfərov, Tərtər Regional Qaz İstismar İdarəsinin ümumi məsələlər üzrə rəis müavini Kamil İsayev çıxış edərək təbii qazın verilişi ilə əlaqədar sakinləri təbrik edib, təbii qazdan xeyir işlərdə istifadə etmələrini arzulamışlar. Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Açılış mərasimində iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızın bütün bölgələrində olduğu kimi Tərtər rayonunda da sakinlərin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması üçün böyük işlər görüldüyünü qeyd etmişdir. Bildirmişdir ki, görülən işlər nəticəsində iyun ayında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 6 mərtəbəli, 54 mənzilli yaşayış binası tikilib istifadəyə verilmiş, hazırda ev növbəsində qeydiyyata alınan 10 nəfər şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evləri tikilir.
Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilişi işləri görülmüş, Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilmiş, M.Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınmış, F.Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmış, ümumi uzunluğu 3.5 km olan istinad divarları aqlay və bəzək daşları ilə üzlənmişdir. H.Əliyev prospektində, E.Səfərov, M.İbrahimov və F.Qulami küçələrində ümumi uzunluğu 3.0 km-dən çox olan yeni səki daşları düzülmüş, küçələr genişləndirilmişdir. Azərbaycanın Milli Qəhrəmanı V.Orucovun adına yeni verilmiş küçədə təmir-abadlıq işləri aparılmış, istinad divarları bəzək daşları ilə üzlənmiş, gecə işıqlanma sistemi quraşdırılmış, yola asfalt örtüyü çəkilmiş və küçənin girişində V.Orucovun barelyefi quraşdırılmışdır. Şəhərin H.Əliyev prospektində 1 ədəd 50 mənzilli 5 mərtəbəli, Ə.Paşayev küçəsində 2 ədəd 8 mənzilli, 1 ədəd 12 mənzilli 2 mərtəbəli yaşayış binalarının dam örtüyü əsaslı təmir olunaraq müasir mansard üslubunda yenidən qurulmuşdur. Hazırda Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasında, müasir tələblərə cavab verən yeni şahmat məktəbində, Qapanlı kənd tibb məntəqəsində, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasında, Olimpiya İdman Kompleksində tikinti işləri aparılır. Yaxın günlərdə rayonda daha bir 100 yerlik yeni uşaq bağçasının tikintisinə başlanılacaqdır.
Tərtər şəhərinin və ona bitişik olan Səhləbad kəndinin içməli su və kanalizasiya sisteminin quraşdırılması işlərinə başlanılmışdır. Hazırda Tərtər şəhərinin N.Nərimanov, S.Məmmədov, M.Kərimov, M.Hüseynzadə küçələrində ümumi uzunluğu 3.5 km olan hissədə qazıntı və quraşdırma işləri aparılır.
Rayonda təbii qaz təminatının yaxşılaşdırılması məqsədilə Dövlət Proqramına uyğun olaraq kəndlərimizin qazlaşdırılması sürətlə davam etdirilir. Hazırda Tərtər şəhəri ilə yanaşı 24 kəndimiz qazla təmin olunmuşdur. Mamırlı, Poladlı, Bala Kəngərli, Kəngərli kəndlərinin qazlaşdırılması başa çatmış, Hacıqərvənd, Seydimli, Köçərli, Cəmilli və Təzəkənd kəndlərində son tamamlama işləri aparılır, Qaradağlı-Borsunlu kəndləri istiqamətində 315 mm-lik yeraltı polietlen daşıyıcı qaz kəmərinin çəkilişi davam etdirilir.
Çıxışının sonunda rayon rəhbəri görülən işlərin bundan sonra da davam etdiriləcəyini bildirərək, uzun illərdir mavi yanacaq sarıdan əziyyət çəkən kəndə təbii qazın verilməsi münasibətilə sakinləri bir daha təbrik etmiş, təbii yanacağın bütün mənzillərə sevinc, hərarət gətirməsini arzulamışdır
Sonra rayon rəhbəri Müstəqim Məmmədov Mamırlı və Poladlı kəndlərinin ağsaqqallarının iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı.
Tədbirin sonunda rayon rəhbəri kənd sakini Asim Abbasovun fərdi yaşayış evində təbi qazın alovlandırılmasında iştirak etmiş, ailə ilə söhbət etmişdir.