Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuat Günü ilə əlaqədar Tərtər rayonunda tədbir keçirildi

22 iyul 2015 | 15:00

İyulun 22-də Tərtər rayonundakı Heydər Əliyev Mərkəzində milli mətbuatın yaranmasının 140 illiyinə həsr olunan tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Tərtər Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov jurnalistləri bayram münasibətilə təbrik edib. O, 140 illik yubileyini qeyd edən Azərbaycan mətbuatının keçdiyi uzun və şərəfli yoldan danışıb. Milli mətbuatımızın ötən illər ərzində çox çətin şəraitdə fəaliyyət göstərməyinə baxmayaraq şərəfli yol keçdiyini, bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu qeyd edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mətbuatımızın da bir sıra problemlərlə üzləşdiyi, lakin xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mətbuatın problemlərinin həlli istiqamətində vacib addımların atıldığını, Azərbaycanın Konstitusiyasında mətbuat azadlığının təsbit olunmasını, senzuranın ləğv edilməsini xatırladaraq Ulu Öndərin siyasi kursunu layiqincə davam etdirən cənab Prezident İlham Əliyevin təşəbbüsü ilə sonradan qəzetlərin nəşriyyata olan borclarının dövlət büdcəsi hesabına ödənilməsini xüsusi vurğulayaraq, bunun dövlət başçısının mətbuata olan diqqətinin bariz nümunəsi olduğunu bildirib.

O, həmçinin ölkəmizdə söz, fikir və məlumat azadlığının yüksək səviyyədə təmin edildiyini, kütləvi informasiya vasitələrinə dövlətimiz tərəfindən mütəmadi olaraq maddi və mənəvi dəstək verildiyini qeyd edib.

Tədbirdə çıxış edən rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, Rayon mədəniyyət evinin müdiri Telman Məmmədov, Tərtər şəhər İƏD üzrə nümayəndə Sahib Həsənov, uşaq xəstəxanasının baş həkimi Hicran Rəhimli, Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva  mətbuatın ölkəmizdə müasir cəmiyyət quruculuğu, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsi, siyasi mədəniyyətin inkişaf etdirilməsi, mənəvi-əxlaqi dəyərlərin qorunub saxlanması və təbliği istiqamətində üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiyini qeyd ediblər.

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuş “Yeni Tərtər” qəzetinin baş redaktoru Tofiq Yusif yüksək dövlət mükafatını bütövlükdə Azərbaycan jurnalistlərinə göstərilən qayğı və diqqətin nümunəsi kimi dəyərləndirib. O, başçılıq etdiyi kollektivin adından, öz adından möhtərəm Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Sonra Tofiq Yusif redaktoru olduğu qəzetin tarixindən danışıb, hazırkı dövürdə mətbuat işçilərinin üzərinə düşən məsul vəzifələri diqqətə çatdırıb.

Sonda bayram münasibətilə “Yeni Tərtər” qəzetinin əməkdaşlarına Tərtər Rayon İcra Hakimiyyəti başçısının və YAP rayon təşkilatının qiymətli hədiyyələri və pul mükafatları təqdim olunub.  

Keçidlər