26 iyun-Narkotiklə mübarizə günüdür: “Narkomaniyaya yox deyək”, mövzusunda silsilə tədbirlər keçirilmişdir
Bu günlərdə Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun səhiyyə, mədəniyyət, gənclər və idman idarəsi tərəfindən yerlərdə “Narkomaniyaya yox deyək”,- mövzusunda silsilə tədbirlər keçirilmişdir. Tədbirdə idarə və müəssisə işçiləri ilə birgə rayon icra hakimiyyətinin və hüquq mühafizə orqanlarının nümayəndələri də iştirak etmişlər.
Tədbirlərdə 183 nəfər tibb işçisi, 200 nəfər mədəniyyət, 110 nəfər gənc iştirak etmişdir.
Tədbirlərdə çıxış edən rayon icra hakimiyyətinin nümayəndəsi Çingiz İsayev, Mərkəzi rayon xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva, narkoloq-həkim Rima Axundova, poliklinika şöbəsinin müdiri Gülarə Əhmədova, rayon mədəniyyət və turizm idarəsinin müdiri Gündüz Mürsəlov, rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Məzakir Məmmədov, Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov və rəis müavini Səadət Hüseynova narkotikin insan orqanizminə, sağlamlığa, mənəviyyata vurduğu zərərlərdən danışmış, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin umumdövlət işi olmaqla yanaşı umumxalq işi də olduğunu vurğulamışlar. Qeyd olunmuşdur ki, yerlərdə “Narkomaniya cəmiyyətin düşmənidir”, “Narkomaniyaya yox deyək” devizi altında əhali arasında təbliğat-təşviqat işləri aparılmış, bu tədbirlərdə əyani vasitələrdən geniş istifadə olunmuşdur. Keçirilən tədbirlərin mövzularına uyğun olaraq kitablardan, dövrü mətbuat materiallarından ibarət sərgi təşkil olunmuşdur.
Bildirilmişdir ki, rayon mərkəzi xəstəxanasında 86 nəfər qeydiyyatdadır. Cari ilin 6 ayı ərzində 5 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 1-i narkoman, 4-ü isə müşahidəyə götürülmüşdür.
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar olaraq rayonun gənclərinə narkotik maddələrin orqanizmdə yaratdığı fəsadlardan, aslılıqdan danışılmış, filmlər nümayiş etdirilmişdir.
Keçirilən tədbirlərdə yaşlı nəslin nufuzlu nümayəndələri, əmək və müharibə veteranları da iştirak etmişlər.