17 iyun-Tibb işçilərinin peşə bayramıdır
17 iyun-Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə rayon Gənclər Mərkəzində tədbir keçirilmişdir. Əvvəlcə rayonun səhiyyə işçiləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq tibb işçilərini peşə bayramları münasibətilə təbrik etmiş, onlara insanların sağlamlığı keşiyində ayıq-sayıq dayanmağı, Hipokrat andlarına sadiq olmağı arzulamışdır. Rayon rəhbəri öz çıxışında qeyd etmişdir ki, möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.
Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji siyasət kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasət nəticəsində dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait ildən-ilə artırılır ki, bu da tibb müəssisələrinin fəaliyyətinin yaxşılaşdırılmasına, ümumilikdə tibbi xidmətin çağdaş tələblər səviyyəsinə qaldırılmasına yeni imkanlar açır. Müstəqil Respublikamız ötən illərdə səhiyyə sahəsində bir çox uğurlara imza atıb. Həyata keçirilən dövlət proqramları müvəffəqiyyətlə davam etdirilib, səhiyyəyə “proqram maliyyələşməsi” prinsipi tətbiq olunub. İndi böyrək xəstəliklərindən əziyyət çəkən insanlar dövlət hesabına hemodializlə və dərman preparatları ilə təmin olunur. İrsi qan xəstəlikləri ilə bağlı Heydər Əliyev Fondunun həyata keçirdiyi nəcib layihələrin əhəmiyyəti xüsusi vurğulanmalıdır. YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü ilə reallaşdırılan bu proqramlar çərçivəsində 1100-dək talassemiyalı, bir o qədər də hemofiliyalı xəstələrin problemləri həllini tapıb.
Rayon rəhbəri dövlət tərəfindən əhalinin sağlamlığına xüsusi diqqət və qayğı göstərildiyini, respublika Prezidentinin tapşırığı ilə əhalinin tibbi müayinədən keçirildiyini bildirmişdir.
Səhiyyəyə göstərilən diqqət və qayğını öz rayonumuzun timsalında da aydın görürük. Tərtər Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir olunmuş, xəstəxana müasir tipli avadanlıqlarla təchiz edilmişdir. Hazırda isə Qapanlı kəndində yeni tibb məntəqəsi tikilir. Cari ildə isə Bəyimsarov kənd xəstəxanası və Qazyan kənd tibb məntəqəsi təmir olunacaq.
Sonra Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Yaşar Hüseynov çıxış edərək tibb işçilərini bayramları münasibəti ilə təbrik edərək səhiyyənin keçmişi və bu günü ilə bağlı məlumat verdi. Bildirdi ki, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda səhiyyə sahəsində aparılan islahatlar, bu sahəyə göstərdiyi diqqət və qayğı Azərbaycan səhiyyəsinin inkişaf səviyyəsini yüksəltmişdir.
Əhalinin sağlamlığı birbaşa respublika prezidentinin nəzarətindədir. Məhz onun tapşırığı ilə əhalinin tibbi müayinədən keçirilməsi bu diqqət və qayğının bariz nümunəsidir. Rayonumuzda fevral ayının 2-dən may ayının 1-dək 68594 nəfər tibbi müayinədən keçirilmiş, 4400 nəfər ambulator, 79 nəfər stasionar müalicəyə cəlb edilmiş, 27 nəfər isə müayinə və müalicə üçün Bakı Şəhərinə göndərilmişdir.
Sonra xəstəxananın baş həkiminin təbrikinə Gigiyena və Epdinmologiya Mərkəzinin direktoru Musa Əliyev, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, Uşaq xəstəxanasının tibb bacısı Çinarə Əzizbəyli də qoşulmuşlar.
Tədbirdə əhalinin sağlamlığı keşiyində dayanan tibb işçilərindən bir qrupuna rayon icra hakimiyyətinin başçısı tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələr verildi.