Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtər Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzində “Taxıl əkinlərində ozonlaşdırma texnologiyasının genişmiqyaslı tətbiqinin səmərəliliyi” mövzusunda tarla seminarı keçirilib

09 iyun 2015 | 15:00

Milli Aviasiya Akademiyası, Kənd Təsərrüfatı Nazirliyi və AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin, Aqrar Elm Mərkəzinin, aidiyyəti elmi-tədqiqat institutlarının, Dövlət Aqrar Universitetinin, regionda fəaliyyət göstərən bitki mühafizəsi idarələrinin, “Azərsun Holdinq” MMC və “Azərtoxum” MMC-nin nümayəndələri, toxum müfəttişləri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.

Seminarda Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkpərov, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Səfəralı Nəsirov, Milli Aviasiya Akademiyasının konstruktor bürosunun rəisi Telman Nizamov, biofiziki cihazlar şöbəsinin rəisi Ənvər İsayev, Əkinçilik İnstitutunun direktoru Cavanşir Təlayi və başqaları çıxış edərək, Azərbaycanda taxılçılıq sahəsinin müasir vəziyyəti və innovasiya texnologiyalarının səmərəsindən, taxılın məhsuldarlığının artırılması və ekoloji təmiz saxlanılmasında ozonlaşdırma texnologiyasının tətbiqinin yüksək nəticələrindən və əhəmiyyətindən danışıblar. Bildirilib ki, ozonlaşdırma texnologiyaları ekoloji tələblərə uyğun olması, toxumların səpin keyfiyyətini yüksəltməsi və iqtisadi cəhətdən səmərəliliyinə görə digər texnologiyalarla müqayisədə daha effektlidir. Odur ki, Milli Aviasiya Akademiyasının təşəbbüsü ilə Genetik Ehtiyatlar İnstitutunun alim və mütəxəssisləri tərəfindən bir neçə ildir ozonlaşdırmanın kənd təsərrüfatında tətbiqi əsasında taxıl istehsalının az məsrəflə və ekoloji təmiz üsullarla artırılması, məhsulun ekoloji təmiz və itkisiz saxlanılması üzrə elmi tədqiqat və sınaq işləri aparılıb, mühüm nəticələr əldə edilib. Dünyada ilk dəfə Azərbaycan Milli Genbankında ekoloji təmiz ozonlaşdırmanın tətbiqi üzrə aparılan tədqiqatlarla bu üsuldan istifadənin perspektivliyi təsdiq edilib.

Ozonlaşdırmanın səmərəliliyinin əsaslandırılması məqsədilə 2009-2014-cü illərdə Oğuz rayonu “Beytullah” MMC fermer təsərrüfatının və İsmayıllı rayonu Nikitin kolxozunun dəmyə, “Azərsun Holdinq” MMC-nin Beyləqan rayonunda suvarılan tarla sahələrində sınaqlar aparılıb. Müşahidələr göstərib ki, ozonlaşdırılmış toxumların cücərməsi digərləri ilə müqayisədə 1-2 gün tez başlayıb, cücərmə enerjisi 3-5 faiz, cücərmə isə 2-5 faiz çox olub. Ozonlu variantda fotosintez prosesini və yetişməni intensivləşdirən yaşıllaşma effekti, güclü gövdə və kök sisteminə malik olması, sünbüldə dənlərin sayının və kütləsinin artması müşahidə edilib. Taxıl əkinlərində geniş yayılmış və təsərrüfatlara çox böyük ziyan vuran bərk sürmə xəstəliyinə təsadüf olunmayıb. Ozonlaşdırma texnologiyasının istifadəsi taxıl istehsalında məhsuldarlığın orta hesabla 20 faiz artımını, toplanmış məhsulun ekoloji təmiz saxlanmasını, ərzaq keyfiyyətinin yüksəldilməsini, ətraf mühitin qorunmasını təmin edir.

Çıxışlarda qeyd edilib ki, ozonlaşdırma texnologiyasının respublikamızda genişmiqyaslı tətbiqi ilə əldə olunan əlavə məhsul və istehsal xərclərinə qənaət hesabına bir ildə orta hesabla 250 milyon manat gəlirə nail olmaq olar.

Seminar iştirakçıları sonra ozonlaşdırma texnologiyasının tətbiq edildiyi taxıl əkinlərinə baxış keçiriblər.

Keçidlər