Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirilib

08 iyun 2015 | 15:00

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon Gənclər Mərkəzində “Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda konfrans keçirib. Konfransda din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbirin açılışında çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirib ki, ölkəmizdə milli-mənəvi dəyərlərə, tarixi-dini abidələrə, eləcə də dini icmaların və din xadimlərinin fəaliyyətinə yüksək qayğı göstərilir. Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad, sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar. Tərtər rayonunda dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmaların, qeyri ənənəvi təriqətlərin təsirinə düşməməsi, mövhumata və xurafata meyillənməməməsi üçün mütəmadi işlərin aparılır. Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda bu gün dini durum sabitdir.

Konfransda çıxış edən DQİDK sədri Mübariz Qurbanlı xalqımızın əsrlər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərdən və onun qorunmasından, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş azərbaycançılıq ideologiyasından bəhs edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqımızın milli mənəvi dəyərlərə qayıdışının sürətləndiyini vurğulayan Komitə sədri deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində hazırda ölkəmizdə dövlət-din münasibətləri yüksək səviyyəyə çatıb.

Komitə sədri bu gün dünyada din pərdəsi adı altında aparılan münaqişələrdən bəhs edərkən bildirib ki, islam dininin genişlənməsindən narahat olan qüvvələr var. Bu qüvvələr tarixən islam dininin bütövlüyünü pozmağa, onu parçalamağa çalışıblar. Müxtəlif ölkələrdə islamı parçalamaq üçün dini cərəyanlar, radikal qruplar yaradılıb. Bu radikal qruplar əslində islamın gözdən salınmasına, onun zəiflədilməsinə yönəldilib. Azərbaycanın inkişafını, tərəqqisini gözü götürməyən bəzi qüvvələr din vasitəsilə ölkəmizdə təxribat törətmək istəyirlər. Lakin belə qüvvələr heç zaman məqsədlərinə çata bilməyəcəklər. Onların qarşısı hər zaman qətiyyətlə alınır. Azərbaycanda dini radikalizmə qarşı mübarizə qanun çərçivəsində aparılır və bu mübarizədə ən səmərəli vasitə maarifləndirmə işidir. Bu işdə tək hüquq mühafizə orqanları və din xadimləri deyil, eləcə də ziyalılar, ağsaqqallar, müəllimlər fəal olmalıdırlar.

QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında rolundan danışıb. Bildirib ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərə qiymət yüksək səviyyədədir. Sovetlər dönəmində Azərbaycanda 17 məscid mövcud idisə, müstəqil Azərbaycanda hazırda 2000-dən artıq ibadət məkanı fəaliyyət göstərir.

Azərbaycanda hökm sürən tolerantlıq mühitinə diqqəti çəkən QMİ-nin sədri, qeyd edib ki, ölkəmizdə ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürür. Azərbaycandakı tolerantlıq bütün dünyaya nümunədir.

Konfransda akademik Vasim Məmmədəliyev və rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev mövzu ilə bağlı çıxış edib, fikirlərini bildiriblər.

Konfrans başa çatdıqdan sonra QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə və DQİDK sədri M.Qurbanlı Tərtər şəhər “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə ediblər. 

Keçidlər