Şriftin ölçüsü :

Saytın rəngi :

5 iyun-Su Təsərüfatı və Meliorasiya İşçiləri Günüdür

05 iyun 2015 | 15:00

Su Təsərrüfatı və Meliorasiya İşçilərinin Peşə bayramı münasibəti ilə tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət etmiş, abidənin önünə gül-çiçək dəstələri qoymuşlar.

Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq sözü Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdova verdi.  B.Cümşüdov həmikarlarını peşə bayramı münasibətilə təbrik edərək, dövlət tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə göstərilən diqqət və qayğıdan söhbət açdı. Sonra təbrikə Subartezian Quyularının İstismarı idarəsinin rəisi Əli Əliyev, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Sukanal İdarəsinin baş mühəndisi “Tərəqqi” medallı Rais Abbasov qoşuldu.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırdı. O, bildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 may 2014-cü il tarixli sərəncamı ilə  “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramı təsis edilmişdir.  Belə bir əlamətdar günün təsis edilməsi ölkə başçısının su təsərrüfatı işçilərinin əməyinə verdiyi  qiymət, bu sahənin inkişafına göstərdiyi diqqətin bariz nümunəsidir.

İyun ayının 11-də isə “Azərsu” ASC-nin yaranmasının 11 ili tamam olur. Su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında 11 iyun 2004-cü il tarixli Prezident sərəncamına əsasən, buna qədər müstəqil qurumlar kimi fəaliyyət göstərən Abşeron Regional Səhmdar Su Cəmiyyəti, Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Kanalizasiya İstehsalat Birliyinin əsasında “Azərsu” ASC yaradılmışdır. Bununla da içməli su təchizatı və kanalizasiya xidmətləri sahəsində fəaliyyət göstərən vahid qurum formalaşdırılmış və su təsərrüfatı sektoru yeni inkişaf dövrünə qədəm qoymuşdur.

Xalqımızın ümummilli lideri Heydər Əliyev ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sektorunda da böyük uğurlar qazanılmışdır. Əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə genişmiqyaslı işlər görülmüş, təxirəsalınmaz layihələr həyata keçirilmişdir.

Bu yaxınlarda Tərtər şəhərinin və ona bitişik 11 kəndin, ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin  yaxşılaşdırılması üçün layihə təməlqoyma mərasimi olmuşdur. Tərtərdə 1960-ci ildə yaradılmış kanalizasiya sistemi şəhərin bir hissəsini əhatə etməklə mövcud tələblərə cavab vermir. Tərtər şəhərini və ətraf kəndləri keyfiyyətli içməli su ilə fasiləsiz təchiz etmək məqsədilə Tərtər şəhərinin qərb hissəsində şəhərdən 1400 metr məsafədə yerləşən ərazidə 2 ədəd 5000 kubmetrlik  su anbarının tikilməsi nəzərdə tutulmuşdur. Həmin su anbarları  Tərtərçay yatağında qazılacaq 9 ədəd subartezian quyuları vasitəsilə qidalanacaq. Magistral su şəbəkəsinin uzunluğu 109784 p/m, kanalizasiya şəbəkəsinin uzunluğu isə 103763 p/m olması nəzərdə tutulmuşdur. Bununla rayonumuzun içməli su və kanalizasiya problemi həll olunacaqdır.

Sonra rayon rəhbəri bir daha 5 iyun  Su Təsərrüfatı və Meliorasiya İşçilərini peşə bayramı və “Azərsu” ASC-nin yaradılmasının 11 illiyi münasibəti ilə təbrik etdi, hər birinə cansağlığı, Azərbaycan xalqının xoş gələcəyi naminə qarşıya qoyulmuş vəzifələrin  icrasında yeni-yeni uğurlar arzuladı. Qeyd etdi ki, Tərtərçay Hidroqovşağı İstismarı İdarəsinin rəisi Böyükkişi Cümşüdov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 04 iyun 2015-ci il tarixli Sərəncamı ilə su təsərrüfatı və meliorasiya sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.

Tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı tərəfindən su təsərrüfatı və meliorasiya işçilərinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
 

Keçidlər