Şriftin ölçüsü :

Saytın rəngi :

Növbəti səyyar qəbul-görüş Gülabatlı kəndində keçirilmişdir

05 iyun 2015 | 15:00

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda əhalinin problemlərinin həllinə diqqətlə yanaşılır. Rayon rəhbərliyi tərəfindən kəndlərdə mütəmadi olaraq görüşlər keçirilir, əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə ardıcıl tədbirlər görülür.

Belə görüşlərdən biri də iyunun 5-də rayonun Gülabatlı kəndində keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.

   Əvvəlcə Buruc kənd inzibati ərazi dairəsi üzrə nümayəndə İldırım Cəfərov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat verdi, kənddə mövcud olan sosial obyektlərin vəziyyəti haqqında ətraflı danışdı. Bildirdi ki, Gülabatlı kəndi Buruc kənd İƏD  tərkibinə daxildir. 98 təsərrüfat, 260 hektar ərazisi olan kənddə 399 nəfər əhali yaşayır.

Səyyar qəbulda iştirak edən sakinlərdən Asif Alıkişiyev, Adilə Həsənova, Mələk Məhərrəmova, Halay Rəcəbov, Kamil Həsənov və digərləri çıxış edərək kəndin mavi yanacaq və içməli su ilə təmin olunduğunu, Gülabatlı kənd körpələr evi-uşaq bağçasının, məktəb binasının,  kənd klubunun, tibb məntəqəsinin əsaslı təmir olunduğundan,  eləcə də son aylarda rayonumuzda geniş vüsət alan abadlıq-quruculuq işlərindən danışdılar.

Sakinlər əsasən suvarma su təminatının yaxşılaşdırılması, köhnəlmiş elektrik dirəklərinin, naqillərin dəyişdirilməsi, kəndə gələn yolun əsaslı təmir olunması və digər problemlərin həllinə köməklik göstərilməsini xahiş etdilər.

Səyyar qəbul-görüşü yekunlaşdıran Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, səyyar qəbulun keçirilməsində məqsəd kənd ərazisində yaşayan əhalinin problemlərini yerindəcə öyrənmək, onların qaldırdıqları problemlərin operativ həlli ilə əlaqədar müvafiq tapşırıqların verilməsi və onların həllinin təmin olunmasıdır.

Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin  həlli istiqamətində isə  aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.

Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, rayonda aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını bildirərək, göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər