Şriftin ölçüsü :

Saytın rəngi :

1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günüdür: Əsaslı təmirdən sonra Gülabatlı kənd körpələr evi-uşaq bağçası istifadəyə verildi

01 iyun 2015 | 15:00

1 iyun-Uşaqların Beynəlxalq Müdafiə Günü Gülabatlı kənd körpələr evi-uşaq bağçasında böyük təntənə ilə qeyd olundu. Tədbirə rayon icra hakimiyyəti başçısı aparatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə rəhbərləri, İƏD üzrə nümayəndələri, bələdiyyə orqanlarının, məktəb və körpələr evi-uşaq bağçasının kollektivləri də qatıldılar. Tədbir iştirakçıları əvvəlcə məktəblilərin əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra kənd İƏD üzrə nümayəndə İldırım Cəfərov tədbiri açaraq  sözü Gülabatlı kənd körpələr evi-uşaq bağçasının müdiri Müşgünaz Orucovaya verdi. Bağça müdiri Uşaqları Beynəlxalq Müdafiə Günü münasibəti ilə təbrik edərək əsaslı təmirdən sonra bayram günü uşaqların istifadəsinə verilən körpələr evi-uşaq bağçasının uşaqlar üçün çox böyük hədiyyə olduğunu bildirdi. Uşaqlara göstərilən diqqət və qayğı üçün respublika Prezidentinə öz minnətdarlığını dilə gətirdi.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov uşaqları təbrik edərək, yeni bağçaya xeyir-dua verdi. Rayon rəhbəri öz çıxışında bildirdi ki, uşaqlar dünyada hamı üçün əzizdir. Dünyanın hər yerində uşaqlara qayğı və uşaqların qorunması xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Uşaqları Beynəlxalq müdafiə günü uzun illərdir bütün dünyada keçirilir və hər bir ölkə, hər bir dövlət uşaqları qorumağı, uşaqları müdafiə etməyi özünün əsas vəzifəsi hesab edir.

Azərbaycanda uşaqlara xüsusi məhəbbət, xüsusi münasibət vardır. Bizim xalqımızın ən nəcib, ən gözəl xüsusiyyətlərindən və ulu babalarımızdan bizə qalmış ənənələrdən biri də odur ki, Azərbaycan xalqı həmişə uşaqsevər olmuşdur. Hətta bəzən valideynlərin maddi vəziyyəti  istənilən səviyyədə olmasa da, uşaqlarsız yaşaya bilmirlər. Uşağa qayğı göstərmək, uşaqları qorumaq, uşaqları müdafiə etmək bizim müqəddəs borcumuzdur, dövlətin, hökumətin, cəmiyyətin, hər bir vətəndaşın müqəddəs borcudur.

1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən qadınların beynəlxalq konfransında iyunun 1-ni uşaqların müdafiəsinə həsr etmək qərara alındı. Bundan sonra həmin gün uşaqların beynəlxalq müdafiəsi günü kimi tarixə düşdü.  

"Uşaqlar bizim gələcəyimizdir",- dəyən Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqətdə saxlayırdı. Bu gün bu diqqət və qayğı Ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının birinci xanımı,  Heydər Əliyev Fondunun  prezidenti  Mehriban Əliyeva tərəfindən davam etdirilir. 

Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezidentin Sərəncamı ilə 2009- cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.

Ulu öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin uşaqlara sevgisini, humanist ideyalarını  layiqincə yaşadır. Fondun Prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini tutaraq, çox sadə bir mərama söykənib: ”Azərbaycan uşaqlarını bəxtəvər görmək.” Mehriban xanım  nəcib missiyası ilə bütün Azərbaycan uşaqlarının ən böyük dostu və ən böyük himayədarıdır.

Təsadüfi deyil ki, Fondun yarandıqdan sonra ilk ən böyük tədbiri uşaqlarla bağlı oldu. 2004-cü ilin sentyabrında  Fond nəcib təşəbbüslə 30-a yaxın uşaq evi və internat məktəbində tərbiyə alan kimsəsiz və istedadlı uşaqları sevindirdi. Uşaq müəssisələri əsaslı təmir edildi, əlavə yardımçı binalar inşa olundu, paytaxtın bütün rayonlarındakı uşaq evləri və internatların hər birində yaşayış üçün rahat komunal şərait yarandı.

Fondun həyata keçirdiyi “Yeniləşən Azərbaycana yeni məktəb”, ”Təhsilə dəstək”, "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə", “Kor və zəif görən insanların İKT-yə çıxışının təmin edilməsi” layihələrinin reallaşdırılması, xeyriyyəçilik tədbirləri, cərrahiyyə əməliyyatları, peyvəndləşdirmə aksiyaları əsl şəfqət və mərhəmət, xeyirxahlıq nümunəsinə döndü.

Heydər Əliyev Fondunun qayğısı ilə əhatə olunan Azəbaycan uşaqları istedadları ilə artıq Avropanı, dünyanı dolaşır, “Azərbaycanın xoşməramlı mələkləri” Avropanın mədəniyyət mərkəzinin paytaxtında hamını heyran qoyur.

Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Rayonumuzda 34 tam, 10 ümumi orta, 2 ibtidai məktəb, 28 körpələr evi-uşaq bağçası, 4 məktəbdən kənar müəssisə - şahmat, idman, uşaq musiqi məktəbləri və uşaq yaradıcılıq mərkəzi  fəaliyyət göstərir.
Hazırda şəhərdə 2  yüz yerlik körpələr evi - uşaq bağçası, müasir tipli şahmat məktəbi, olimpiya idman  kompleksi tikilir, yaşayış evlərinin həyətlərində salınan "Nümunəvi məhəllə"lərdə uşaqların istirahəti üçün hər cür şərait yaradılır, mini futbol meydançaları, uşaq karuselləri quraşdırılır. Bütün bunlar uşaqların sağlam və mükəmməl böyümələrinə xidmət edir.

   Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi günündə əsaslı təmirdən sonra açılışına yığışdığımız Güləbatlı kənd körpələr evi-uşaq bağçası uşaqlara bir daha bayram sevincini yaşadır. Bağça 1992-ci ildə tikilmişdir. Təmirdən əvvəl bina yararsız vəziyyətdə idi. Təmirdən sonrakı vəziyyət isə göz qabağındadır. Binanın təmirində xidməti olan hər kəsə öz təşəkkürümü bildirirəm. İnanıram ki, bağçanın təmiri burada çalışan kollektivin daha yaxşı işləməsinə, uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına təkan verəcəkdir.

Rayonumuzun sakinləri adından rayonumuza göstərilən diqqət və qayğıya görə  möhtərəm prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm.

Tədbir bayram şənliyi ilə davam etdirildi. Uşaq Yaradıcılıq Mərkəzinin “Cücələrim” rəqs qrupunun ifaları, uşaqların oxuduqları mahnılar, söylədikləri şeirlər tədbirə bir xoş əhval-ruhiyyə gətirdi.

Sonra rayon icra hakimiyyəti başçısı tərəfindən uşaqlara hədiyyələr paylandı.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rəmzi lenti kəsdi. Qonaqlar əsaslı təmirdən sonra bağçanın şəraiti ilə tanış oldular.

Onu da qeyd edək ki, körpələr evi-uşaq bağçası ilə bir binada yerləşən kənd klubu və tibb məntəqəsi də əsaslı təmir edilmişdir.
 

Keçidlər