Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda respublika tarla müşavirəsi keçirilib

30 may 2015 | 15:00

Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında “Taxılçılıqda yeni sortlar və müasir becərmə texnologiyaları” mövzusunda ümumrespublika tarla müşavirəsi keçirilib.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının, Aqrar Elm Mərkəzinin, Respublika Dövlət Toxum Müfəttişliyinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarət Xidmətinin, “Aqrolizinq” ASC-nin əməkdaşları, aidiyyəti elmi-tədqiqat institutlarının nümayəndələri, Dövlət Aqrar Universitetinin tələbələri, taxıl toxumçuluğu ilə məşğul olan qabaqcıl fermerlər iştirak ediblər.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov qonaqlqrı salamlayaraq, tarla müşavirəsinin işinə uğurlar arzulayıb.

Müşavirədə çıxış edən kənd təsərrüfatı nazirinin müavini  İlham Quliyev taxıl istehsalının ölkənin ərzaq təhlükəsizliyində strateji əhəmiyyətə malik olduğunu vurğulayaraq, tarla bitkilərinin əkin dövriyyəsinin 60-65 faizinin taxıl bitkilərinin payına düşdüyünü qeyd edib. Bildirib ki, ölkənin ərzaq təhlükəsiliyi baxımdan kənd təsərrüfatı bitkilərinin seleksiyası, toxumçuluğu və becərmə texnologiyası sahəsində tədqiqat işlərinin aparılması, qlobal istiləşmənin nəticəsi kimi meydana çıxan müxtəlif stres amillərə davamlı bitki sortlarının yaradılması və istehsalçıların istifadəsinə verilməsi əsas vəzifələrdəndir. Taxıçılıqda məhsuldarlığın artırılması, toxumçuluğun inkişaf etdirilməsi ilə ölkədə taxıla olan tələbatı ödəmək olar.

Ümummilli lider Heydər Əliyevin kənd təsərrüfatının inkişafındakı xidmətlərindən danışan nazir müavini diqqətə çatdırıb ki, Ulu Öndərin istər 1970-ci illərdə, istərsə cdə 1993-cü ildən sonra ölkəyə rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın bütün sahələrində, o cümlədən aqrar sahədə inkişafa nail olunub.

Bildirilib ki, Ulu Öndərin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən bu gün aqrar sahənin inkişafına yüksək diqqət və qayğı göstərilir. Kənd təsərrüfatı məhsulları istehsalçıları vergilərdən azad edilib. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə istehsalçılara hər hektar üçün 50 manat, buğda və çəltik istehsalçılarına isə əlavə olaraq daha 40 manat subsidiya verilir. Fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika, damazlıq mal-qara almaq imkanı yaradılıb.

Sonra müşavirə iştirakçıları Tərtər Bölgə Təcrübə Stansiyasının seleksiya şöbəsində aparılan təcrübələrlə, tətbiq edilən yeni taxıl sortları və texnologiyalarla tanış olublar. Məlumat verilib ki, şöbədə arpa, bərk buğda və yumşaq buğda istiqamətlərində seleksiya işləri aparılır. 31 hektar sahədə 1500 sort nümunəsi tədqiq edilir. 415 perspektiv sort nümunələri əkilib. Perspektiv sortlar Azərbaycan milli genbankına və dünya genbankına daxil edilib. Dünyanın 110 ölkəsində işləyən Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəz (İCARDA) bu nümunələrdən ilkin material kimi istifadə edir.

Kənd Təsərrüfatı Nazirliyi Aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov yeni texnologiyaların tətbiqi və təkrar əkinlərin əhəmiyyətindən danışıb. Taxıl bitkilərindən yüksək və keyfiyyətli məhsul almaq üçün keyfiyyətli toxumdan, mütərəqqi və səmərəli becərmə texnologiyalarından istifadə etmələri, taxıl biçinindən sonra həmin sahələrə qısa vegetasiyalı qarğıdalı, günəbaxan, soya, darı bitki toxumları səpərək təkrar əkinlərin tətbiqi barədə istehsalçılara tövsiyələr verib.

İştirakçılara stansiyada aparılan seleksiya işləri barədə geniş məlumat verilib, yeni yaradılmış rayonlaşmış buğda və arpa sortlarına və toxum normasını 30-40 faiz azaldan, suvarma suyuna 25-30 faiz qənaət edən, kondisiyalı toxum çıxımına müsbət təsir edən resurs mühafizəedici tirəyə əkin tesnologiyası tətbiq edilən sahələrə, həmçinin kənd təsərrüfatı texnikalarına baxış keçirilib.

Müşavirənin sonunda alimlər və fermerlər arasında fikir mübadiləsi aparılıb.

 

Keçidlər