Umumtəhsil məktəblərində “Son zəng” çalındı
May ayının 29-30-da rayonun 34 tam, 10 ümumi orta məktəbində “Son zəng” çalındı. “Son zəng” tədbirində tam orta məktəblərin 693, ümumi orta məktəblərin isə 801 şagirdi iştirak etdi. Rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatların nümayəndələri də tədbirə qatıldırlar. Bütün umumtəhsil məktəblərində tədbir dövlət bayrağının meydana gətirilməsi, Dövlət himninin səsləndirilməsi ilə başlandı.
Sonra məktəblilərin hazırladıqları rəngarəng musiqi nömrələri, müəllimlərin, məzunların çıxışları bir-birini əvəz etdi.
Şəhər 1, 2, 5, 6 saylı və Seydimli kənd tam orta məktəblərinin məzunlarının “Son zəng”ində iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov onları təbrik edərək, gənclərə tövsiyələr verdi. Müstəqil Azərbaycanımızın gələcəyinin sabahımız olan gənclərimizdən asılı olduğunu vurğuladı. Məzunlara dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyyə etdi. İlbəil təhsil sahəsinə artan dövlət qayğısı, bu sahədə atılan yenilikçi addımlar, qabaqcıl dünya təcrübəsindən bəhrələnməklə çağdaş təlim metodlarının tətbiqinin bu gün təhsilimizin inkişafına əlverişli zəmin yaratdığına toxunan rayon rəhbəri bir sözlə millətin gələcəyi olan təhsilin tərəqqisinin cənab Prezidentin xüsusi diqqət göstərdiyi sahə olduğunu vurğuladı. Sonda məzunlara hansı peşəyə yiyələnməsindən asılı olmayaraq öz bilik və bacarıqları ilə möhtərəm Prezidentimizin rəhbərliyi ilə günbəgün tərəqqi edən Azərbaycanın inkişafına töhfələr verməyi, dövlətimiz üçün layiqli vətəndaş, ailələri üçün layiqli övlad olmalarını arzuladı.
Şəhər 2 saylı məktəb liseyin məzunları rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədova və rayon təhsil şöbəsinin müdiri Aydın Qarayevə rəmzi olaraq liseyin məzun paltarını təqdim etdilər. Rayon rəhbəri məzunlarla xatirə şəkilləri çəkdirdi.
Çalınan “Son zəng” məzunları sinif otaqlarına deyil, müstəqil həyata səslədi və tədbir iştirakçılarına xoş anlar yaşatdı.