Tərtərdə Respublika Günü qeyd edildi
Rayon Gənclər Mərkəzində 28 may Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə müstəqilliyimiz uğurunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sonra Dövlət himni səsləndirilmişdir.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını Respublika Günü münasibəti ilə təbrik edərək məruzə etmişdir. O, bildirmişdir ki, xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılmış 1918-ci ilin 28 May Günü Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı bir gün kimi yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Bu gün xalqımızın ən əziz bayramlarından olmaqla, həm də milli iftixar, milli zəfər günümüzdür.
Lakin təəssüflər olsun ki, XX əsrin əvvəllərində müstəqillik qazanmış Azərbaycan xalqı azadlığın şirinliyini uzun müddət dada bilmədi. Azərbaycan Xalq Cümhuriyyətinin idarə edilməsində buraxılan səhvlər, daxildə tam milli birliyin əldə edilməməsi və başqa səbəblər cümhuriyyətin yaşamasına imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində Rusiya bolşevizminin açıq təcavüzü nəticəsində süquta uğradı. Az ömrünə baxmayaraq, ötən əsrin əvvəllərində Azərbaycanda müstəqil, demokratik dövlətin qurulması, müsəlman Şərqində respublika ideyalarının formalaşmasına böyük təsir göstərdi və milli dövlətçilik ənənələrinin yaranmasına səbəb oldu. Azərbaycan Demokratik Cümhuriyyətinin qısa zaman kəsiyində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində dərin iz buraxdı. Milliyyətindən, siyasi mənsubiyyətindən və dini etiqadından asılı olmayaraq bütün vətəndaşlara hüquq verilməsi, dövlət sərhədlərinin müəyyən edilməsi, dövlətçilik atributlarının qəbulu, ana dilimizin dövlət dili elan olunması, bununla yanaşı, iqtisadiyyat, mədəniyyət, təhsil, səhiyyə və hərbi quruculuq sahəsində atılmış addımlar Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdı.
1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə xalqımız yenidən öz istiqlalına qovuşsa da həmin vaxt hakimiyyətin savadsız və qətiyyətsiz adamların əlində olması milli dövlətçiliyimizin taleyini təhlükə altında qoyurdu. Ölkəmizin ədalətsiz müharibəyə sürüklənməsi, torpaqlarımızın işğalı, daxili çəkişmələr və vəzifə davası, dərin sosial-iqtisadi böhran, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurması müstəqilliyimizin ilk illərində çətin vəziyyət yaratmışdı. Yalnız 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından və dövlətçiliyimizin sükanını öz qüdrətli əllərinə almasından, milli azadlığımız və iqtisadiyyatımız uğrunda qətiyyətli, cəsarətli mübarizəyə başlamasından sonra həmin mənzərə dəyişdi. Heydər Əliyev dühası və müdrikliyi bütün xalqı milli ideya-azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğunun əsasını qoymağa nail oldu. Ulu Öndərin zəngin dövlətçilik təcrübəsi və idarəçilik məharəti müstəqil dövlətimizi ağır bəlalardan xilas etdi, ölkədə möhkəm ictimai-siyasi sabitlik yaratdı, davamlı inkişafa yol açdı.
Bu gün biz qüdrətli hərtərəfli inkişafın sürəti ilə dünyada seçilən demokratik, müstəqil Azərbaycan Respublikasının vətəndaşlarıyıq. Heydər Əliyev siyasi məktəbinin əsas fəlsəfi prinsiplərini mənimsəmiş, siyasətin real işdən ibarət olduğunu öz fəaliyyətində sübuta yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyev böyük öndərin başladığı layihələri uğurla həyata keçirməklə, Azərbaycanı qüdrətli dövlətə çevirmişdir.
Ölkəmiz beynəlxalq aləmdə yeni-yeni nailiyyətləri ilə tanınır. Mədəniyyətdə, incəsənətdə, idmandakı uğurlarımız bir-birini əvəz edir.
Diplomatiya sahəsindəki uğurlarımız da böyükdür. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyimiz, 2012-ci ildə Prezidentimiz İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasına sədrlik etməsi, təməli ulu öndərimiz tərəfindən qoyulmuş, formalaşdırılmış xarici siyasətimizin uğuru hər bir Azərbaycan vətəndaşını ürəkdən sevindirir.
Möhtərəm Prezidentimiz İlham Əliyev respublikamızın sosial-iqtisadi inkişafını daim diqqət mərkəzində saxlayır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı uğurla həyata keçirilir. Ölkəmiz günü-gündən böyüyür və gözəlləşir. Respublikamız bu gün möhtəşəm tikinti meydanını xatırladır. Bu inkişafı, bu tərəqqini cəhbə bölgəsində yerləşən rayonumuzun timsalında da aydın görmək olur. Bu gün Dövlət Bayrağı Meydanı, Heydər parkı, M.Ə.Sabir adına park, Heydər Əliyev və Gənclər Mərkəzi, şəhərimizin Nizami, Ə.Paşayev küçələrində, “SMU-15” yaşayış massivində yeni salınmış “nümunəvi məhəllələr” tərtərlilərin ən sevdiyi məkanlardır. Hazırda Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının, müasir tələblərə cavab verən yeni Şahmat məktəbinin, Qapanlı kənd tibb məntəqəsinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi aparılır. V.Həsənov küçəsində yerləşən ikimərtəbəli yaşayış binalarının ətrafında 300 ədəd eldar şamı əkilmiş, 2 hektar ərazidə yaşıllıq zolağı salınmışdır. Həmçinin Nizami küçəsində 4 ədəd beşmərtəbəli binaların elektrik xətləri SİP kabelləşdirilmiş ve gecə işıqlanması üçün beşmərtəbəli və ikimərtəbəli binaların həyətində müasir işıq dirəkləri quraşdırılmışdır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə rayonda tikilən 54 mənzilli, 6 mərtəbəli yaşayış binasının inşası başa çatdırılmış və yaxın günlərdə istifadəyə veriləcəkdir.
Təmas xəttində yerləşən Qapanlı, Dəmirçilər, Borsunlu, Hüsənli, Qazyan kəndlərində müasir gecə işıqlandırma sistemləri quraşdırılmışdır.
İslam İnkişaf Bankının maliyyə dəstəyi ilə “Azərsu” ASC tərəfindən Tərtər şəhərinin və ona bitişik Səhləbad kəndi də daxil olmaqla 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin yaxşılaşdırılması üçün təməlqoyma mərasimi olmuşdur.
Layihədə Tərtər şəhərinin qərb hissəsində şəhərdən 1400 metr məsafədə yerləşən ərazidə 2 ədəd 5000 kubmetrlik su anbarının tikilməsi nəzərdə tutulmuşdur. Həmin su anbarları Tərtərçay yatağında qazılacaq 9 ədəd subartezian quyuları vasitəsilə qidalanacaq. Magistral su şəbəkəsinin uzunluğu 109784 p/m, kanalizasiya şəbəkəsinin uzunluğu isə 103763 p/m olması nəzərdə tutulmuşdur.
Cəbhə bölgəsində yerləşən rayonumuza göstərilən diqqət və qayğıya görə respublikamızın prezidenti cənab İlham Əliyevə tərtərlilər adından öz minnətdarlığımızı bildiririk.
Sonra rayon ağsaqqallar şurasının idarə heyyətinin üzvü Rauf Həsənzadə, təhsil şöbəsinin aparıcı-məsləhətçisi Rasim Bayramov, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış etmişlər. Çıxış edənlər Xalq Cümhuriyyətinin varisi olan müasir, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu umummilli lider Heydər Əliyevin “Azərbaycanımızın müstəqilliyi bizim tarixi nailiyyətimizdir”, -sözlərini yada salmışlar və bu gün onun siyasi kursunun layiqli davamçısı respublika prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın dünya miqyasında liderlik mövqeyinə yüksəldiyini vurğulamışlar.
Tədbir dövlət himninin sədaları altında başa çatmışdır.
Sonra Tədbir “Heydər park”ında rayon mədəniyyət evinin “Tərtər” Xalq Çalğı Alətləri ansamblının konsert proqramı ilə davam etmişdir.