Şriftin ölçüsü :

Saytın rəngi :

Tərtərdə su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur

15 may 2015 | 15:00

Mayın 15-də Tərtər şəhəri və ona bitişik 11 kəndin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin təməlqoyma mərasimi keçirildi. Tədbir iştirakçıları öncə layihə ilə ətraflı tanış oldular.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov əlamətdar gün münasibəti ilə sakinləri təbrik etdi, bildirdi ki, bu gün ölkəmiz böyük bir tikinti meydançasını xatırladır. Biz bunu öz rayonumuzun timsalında da aydın görürük. Belə ki, son illər aparılan tikinti-quruculuq işləri nəticəsində  rayonda Heydər Əliyev Mərkəzi, Gənclər Mərkəzi yaradılmış, Ulu Öndərin adını daşıyan park salınmış, Dövlət Bayrağı Meydanı,  əlil və şəhid ailələri üçün ümumilikdə 110 mənzilli 4 yaşayış binası, süd emalı zavodu, 3 min ton tutumu olan soyuducu anbar kompleksi, YAP Tərtər rayon təşkilatı, Rayon Statistika İdarəsi, Təhsil şöbəsi və digər idarələr üçün inzibati binalar tikilmiş, 120 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası və Rayon Mədəniyyət evi, 9 min nəfər əhalinin yaşadığı 12 yaşayış məntəqəsini birləşdirən Bayandur-Poladlı və 5 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Cəmilli-Dəmirçilər avtomobil yolları əsaslı təmir edilmişdir. 2360 şagird yerlik 9, o cümlədən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 440 şagird yerlik 2 ümumtəhsil məktəbinin binası tikilmiş, 4700 şagird yerlik 12 məktəb binasında əsaslı təmir işləri aparılmışdır. Hazırda Olimpiya İdman Kompleksinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-labarotoriya  binasının, Tərtər şəhərində 100 yerlik yeni körpələr evi-uşaq bağçasının, müasir tələblərə cavab verən yeni Şahmat məktəbinin, Qapanlı kənd tibb məntəqəsinin inşası davam etdirilir. Bundan əlavə şəhərin Nizami, Ə.Paşayev  küçələrində, “SMU-15” yaşayış massivində yeni “nümunəvi məhəllələr” salınaraq sakinlərin istifadəsinə verilmiş, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə rayonda tikilən 54 mənzilli, 6 mərtəbəli yaşayış binasının inşası başa çatdırılmış və yaxın günlərdə istifadəyə veriləcəkdir.

Təmas xəttində yerləşən Qapanlı, Dəmirçilər, Borsunlu, Hüsənli, Qazyan kəndlərində müasir gecə işıqlandırma sistemləri quraşdırılmışdır.

Rayon rəhbəri bildirmişdir ki, bu gün Tərtər şəhərinin və ona bitişik 11 kəndin, ümumilikdə 26198 nəfər əhalinin su təchizatı və kanalizasiya sisteminin  yaxşılaşdırılması üçün layihə təməlqoyma mərasiminə yığışmışıq. Su təchizatı və kanalizasiya sistemlərinin təməlqoyma mərasimi ilə tərtərlilərin ən böyük arzularından biri gerçəkliyə çevrilir. Cəbhə bölgəsində yerləşən rayonumuza göstərilən diqqət və qayğıya görə respublikamızın prezidenti cənab İlham Əliyevə  tərtərlilər adından öz minnətdarlığımızı bildiririk.

Təməlqoyma mərasimində çıxış edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış edərək təmas xəttində düşmənlə bir addımlıqda yerləşən Tərtər rayonunda su təchizatının və kanalizasiya sisteminin yenidən qurulması layihəsinə başlanılmasını rayonun sosial-iqtisadi həyatında son dərəcə əlamətdar bir hadisə olduğunu , bu layihənin bölgənin sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəyini vurğuladı.

Qorxmaz Hüseynov Tərtər şəhərinin mövcud su təsərrüfatı sistemi barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, Tərtərdə 1960-ci ildə yaradılmış kanalizasiya sistemi şəhərin bir hissəsini əhatə etməklə mövcud tələblərə cavab vermir. Tərtər şəhərini və ətraf kəndləri keyfiyyətli içməli su ilə fasiləsiz təchiz etmək məqsədilə Tərtər şəhərinin qərb hissəsində şəhərdən 1400 metr məsafədə yerləşən ərazidə 2 ədəd 5000 kubmetrlik  su anbarının tikilməsi nəzərdə tutulmuşdur. Həmin su anbarları  Tərtərçay yatağında qazılacaq 9 ədəd subartezian quyuları vasitəsilə qidalanacaq. Magistral su şəbəkəsinin uzunluğu 109784 p/m, kanalizasiya şəbəkəsinin uzunluğu isə 103763 p/m olması nəzərdə tutulmuşdur.

Tədbirdə çıxış edən rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev düşmənlə bir addımlıqda yaşayan tərtərlilərin uzun illərdir  içməli su sarıdan əziyyət çəkdiyini və bu layihənin rayonumuz üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq sakinlər və rayon ağsaqqalları adından ölkəmizdə, eləcə də rayonumuzda aparılan abadlıq-quruculuq işlərinə görə cənab Prezident İlham Əliyevə öz minnətdarlığını bildirdi.

Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov “Azərsu” Açıq Səhimdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynovla birlikdə təməlqoyma mərasimində iştirak etdi.

Keçidlər