Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci Avropa Oyunlarının məşəli Tərtərdə

12 may 2015 | 15:00

Mayın 12-də Tərtər şəhərində qələbəlik idi. Şəhər sakinləri, həmçinin rayonun kəndlərindən gəlmiş minlərlə tərtərli birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün küçələrə axışırdı. Tərtər bayram libasını geyinmişdi. Əllərində gül-çiçək, üçrəngli, ay-ulduzlu bayraqlar və plakatlar tutmuş sakinlər Azərbaycan Prezidenti İlham Əliyevin müqəddəs “Atəşgah” məbədində alovlandırdığı birinci Avropa Oyunlarının məşəlinin gəlişini gözləyirdilər.

Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında Tərtər şəhərinin girişində sürəkli alqışlarla qarşılandı. Kəngərli kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Rasif Abbasov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən sonra estafet rayon mərkəzinə doğru istiqamət götürdü. 10 məşəlçi 4 kilometr məsafədə yürüşə başladı. Onlar məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti ilə hərəkət edib, şəhərin mərkəzi meydanına gəldilər. Sonuncu yürüşçü - boks üzrə Azərbaycan çempionu Faiq Məmmədov səhnəyə qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanların alqış sədaları göyə ucaldı. Səmaya sülh göyərçinləri və rəngbərəng şarlar buraxıldı.

Oyunların burada yandırılan çırağını 2 saylı məktəb-liseyin şagirdi Məhəmməd Əlizadə Tərtər şəhərinin gənc sakini Tünarə Məmmədzadəyə təqdim etdi. Çıraq yarışların sonuna qədər “Bakı 2015”-in rəmzi kimi rayon mədəniyyət evində qorunub saxlanılacaq. Mərasimdə aprelin 26-da birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.

Estafet iştirakçılarını qarşılayanlar arasında gənclər üstünlük təşkil edirdi.

Tədbir iştirakçıları mərasimdə rayon tarix-diyarşunaslıq muzeyinin qədimi eksponatları ilə, rayon məktəblilərinin əl işlərindən ibarət sərgi ilə də tanış oldular. Onlar milli adət-ənənələrimizi bu günədək qoruyub saxlayan analarımızın sacda bişirdiyi yuxadan, kətədən, aşdan daddılar, dovğa içdilər.  Rayonun idmançılarının və pəhləvanlarının çıxışlarına tamaşa etdilər. “Maral”, “Hakışta”, “Yallı” milli oyunlarımızı seyr edib, saz-söz ustalarını dinləyib konsert proqramına baxdılar.

Məşəlin qarşılanma mərasimi rayon ictimaiyyəti tərəfindən böyük coşğu ilə başa çatdı.

 

Keçidlər