Tərtərdə Gül bayramı
Respublikamızın hər yerində ümummili liderimiz Heydər Əliyevin doğum günü böyük təntənə ilə qeyd edilir. Artıq bir neçə ildir ki, bu əlamətdar hadisə ilə əlaqədar ölkəmizdə Gül bayramı keçirilir. Ulu öndərimizin anadan olmasının 92-ci ildönümü ilə bağlı bu ilki Gül bayramı öz möhtəşəmliyi ilə seçildi. Heydər Əliyev adına parkda keçirilən tədbirdə sərgilənmiş gül kompozisiyaları, tətbiqi sənət nümunələri, rəsm, plakat, panno, kitab sərgisi və məktəblilərin hazırladığı müxtəlif əl işləri hamını heyran etdi. Bayramda rayonun idarə və müəssisələrinin hazırladıqları müxtəlif əl işləri nümayiş etdirildi. Bu işlərdə 50 mindən artıq güldən istifadə edilmişdi. Gül bayramı hər kəsdə açıq havada düzəldilmiş əsrarəngiz muzey təəssüratı yaradırdı. Azərbaycanın Bayrağı, xəritəsi, Olimpiya məşəli, dövlət atributları hamını heyran etdi.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri Gül bayramı münasibəti ilə təbrik etdi. O bildirdi ki, bütün şərəfli ömrünü Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığına, canından əziz bildiyi Vətəninin çiçəklənməsinə həsr etmiş dahi şəxsiyyət Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımız tərəfindən həmişə uca tutulur. Biz hər il öz xilaskarımız və müstəqil dövlətimizin qurucusunun doğum gününü belə gözəl bayramla qeyd edir və ona dərin ehtiramımızı göstəririk. Bu bayram Heydər Əliyev şəxsiyyətinə və dühasına xalq məhəbbətinin və minnətdarlığının böyük təntənəsidir.
Rayon rəhbəri Ulu Öndərin 92-ci ildönümü münasibəti ilə rayonun umumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilən inşa yazı müsabiqəsinin qaliblərinə rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Gənclər və İdman idarəsi tərəfindən verilən qiymətli hədiyyələri və Diplomları təqdim etdi.
Azərbaycan Respublikasının Xalq artisti Şahnaz Haşımovanın rəhbərlik etdiyi Gəncə Dövlət Filarmoniyasının “Göy-göl” Xalq Çalğı Alətləri ansamblının və “Tərtər” Xalq Çalğı Alətləri ansamblının iştirakı ilə davam edən konsert proqramını tamaşaçılar alqışlarla qarşıladılar.
Tədbir atəşfəşanlıqla başa çatdı.