Növbəti səyyar qəbul-görüş Rəcəbli kəndində keçirilmişdir
Əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısının növbəti səyyar qəbul-görüşü rayonunun Rəcəbli kəndində keçirilmişdir.
Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, kənd sakinləri iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək kənd sakinlərini salamlamış, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf siyasətinin bu gün Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini bildirmiş və regionların sürətli sosial-iqtisadi inkişafından danışmışdır. İcra başçısı daha sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcə də Tərtər rayonunun sosial-iqtisadi inkişafı ilə bağlı dövlət səviyyəsində həyata keçirilən proqramların əhəmiyyəti, rayonun infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmış, əhalinin sosial-iqtisadi problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı söhbət açmışdır.
Sonra kənd sakinləri onları narahat edən sosial-iqtisadi məsələlərin həlli ilə bağlı rayon rəhbərinə müraciət etmişlər. Kənd sakinlərindən İsrail Mahmudov, Mirzə Məmmədov, Kamran Hümbətov, Zöhrab Şirinov, Əli Aslanov, Rafiq Ağayev, Elnur Bağırov və digərləri kəndin qazlaşdırılmasına, əkin sahələrinin suvarılması üçün əlavə subartezian quyularının qazılmasına, köhnəlmiş elektrik dirəklərinin və naqillərin yenisi ilə əvəz edilməsinə, tibb məntəqəsinin əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər.
Görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin böyük əksəriyyəti yerindəcə həllini tapmış, digər məsələlərin həlli istiqamətində isə aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Vətəndaşlar kənddə məktəb üçün yeni binanın tikilməsinə, əhalinin rifah halının yaxşılaşdırılması, sosial problemlərin həlli, tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində rayon rəhbərliyinin köməyi ilə həyata keçirilən uğurlu tədbirlərə, şəhid anası Simuzər Mehdiyeva isə onların ailəsinə tikilən fərdi yaşayış evinə gərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.