Heydər Əliyev-92: “Bilik yarışı”na yekun vurulmuşdur
Rayon icra hakimiyyəti YAP rayon təşkilatı, Gənclər və İdman idarəsi və rayon Təhsil Şöbəsi ilə birlikdə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibəti ilə ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Bilik yarışı” keçirmişdir.
Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi İsmayıl İsmayılov açmış, iştirakçılar əvvəlcə Ulu Öndərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, sonra Heydər Əliyevə həsr olunmuş filmə baxmışlar.
Rayon icra hakimiyyəti başçısının müavini Elvin Umudov yarış iştirakçılarını salamlayaraq onların hər birinə bilik yarışmasının qalibi olmasını arzulamışdı.
Yarışda 16 məktəbin komandası iştirak edərək öz biliklərini sınamışdı. Şəhər 5 saylı tam orta məktəbin komandası I, Şəhər 2 saylı tam orta məktəbin komandası II, Qaradağlı kənd tam orta məktəbin komandası isə III yerə layiq görülmüşlər.
“Bilik yarışı”nın qaliblərinə YAP rayon təşkilatı, Gənclər və İdman idarəsi tərəfindən diplom və qiymətli hədiyyələr verilmişdir.