Şriftin ölçüsü :

Saytın rəngi :

Qələbə 70: Veteranlar bizimlədir

28 aprel 2015 | 15:00

Rayon icra hakimiyyəti mədəniyyət və turizm şöbəsi ilə birlikdə Heydər Əliyev Mərkəzində, “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70 illiyi”nə həsr edilmiş tədbir keçirmişdir. Əvvəlcə tədbirə dəvət olunmuş müharibə veteranları və rayon ictimayyətinin nümayəndələri Ulu Öndərin büstü önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra kitab sərgisinə baxaraq rayon mədəniyyət evinin bədii qiraət ustalarının ifasında müharibə mövzusunda şeirlər dinləmişlər. Zəminə Kazımovanın söylədiyi “Ana və poçtalyon” şeiri alqışlarla qarşılanmışdır.

Tədbir “dəyirmi masa” ətrafında davam etmişdir. Rayon mədəniyyət və turizm idarəsinin müdiri Gündüz Mürsəlov tədbiri açaraq müharibə veteranlarını və qonaqları iştirakçılara təqdim etmişdir. Sonra azərbaycanlıların Böyük Vətən Müharibəsində göstərdikləri döyüş sücaətindən söhbət açmış, Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə, Həzi Aslanov, Qafur Məmmədov və başqalarını yada salmışdır.

Sonra rayon Əmək və Vətən Müharibəsi veteranları Şurasının sədri İman Almuradov rayonun müharibə veteranları haqqında danışmış, bildirmişdir ki, Böyük Vətən Müharibəsində Tərtərdən 2417 nəfər iştirak etmiş, onlardan 1079 nəfəri həlak olmuşdur. Həmyerlimiz İdris İbadovun, Həbib Abbasovun, Xosrov Əhmədovun, Firudun Vəliyevin döyüşlərdə göstərdikləri şucaətlər haqqında çox danışmaq olar.

Sonra müharibə veteranları Musa Abbasov, Abbasqulu Babayev öz döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər.

Rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusifova çıxış edərək müharibə veteranlarının Alman faşizmi üzərində qələbənin 70 illiyi münasibəti ilə təbrik etmiş, onlara can sağlığı diləmişlər.

Tədbirdə iştirak edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Ramiz Şabanov veteranları təbrik edərək dövlətimizin başçısı cənab İlham Əliyev tərəfindən onlara göstərilən diqqət və qayğıdan danışmış, rayon icra hakimiyyətinin başçısı adından vetiranlara qiymətli hədiyyələr təqdim etmişdir.

Keçidlər