Akademik Zərifə Əliyevanın xatirəsi yad edildi
Rayon icra hakimiyyəti YAP rayon təşkilatı və Mərkəzi rayon xəstəxanasının kollektivi ilə birlikdə görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 92-ci ildönümü ilə əlaqədar tədbir keçirmişdir.
Yığıncaqda YAP rayon təşkilatının sədri, rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov, rayon icra hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elvin Umudov, YAP rayon təşkilatı aparatının rəhbəri Kamil Məmmədov və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.
Yığıncaq iştirakçıları öncə görkəmli oftomoloq akademik Zərifə xanım Əliyevanın xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, sonra Mərkəzi rayon xəstəxanasının baş həkimi Yaşar Hüseynov görkəmli alim, ictimai xadim Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti haqqında geniş məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, akademik Zərifə Əliyeva 1942-ci ildə orta məktəbi bitirdiktən sonra o, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub və 1947-ci ildə həmin institutu bitirib. Sonra Moskva şəhərində Mərkəzi həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçib.
Z.Ə.Əliyevanın elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmış və o, orada həkim-ordinator kimi işə başlamışdır. Z. Ə. Əliyeva 1950-ci ildə aspiranturaya daxil olmuş, aspiranturanı bitirdiktən sonra respublika Oftalmoloqiya Elmi-Tədqiqat İnstitutunda elmi işçi olmuşdur.
Həmin illərdə Azərbaycanı traxoma göz xəstəliyi bürümüşdü. O zaman xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi və onunla mübarizə təkçə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir. Konkret müalicə təcrübəsindən başqa o, Azərbaydanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində - H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Z.Ə.Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Z.Ə.Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.
1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə - görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Ə.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü. Qeyd olunmalıdır ki, professor Z.Ə.Əliyeva həmin mükafata layiq görülən ilk qadın idi.
Böyük xidmətlərinə, çoxillik elmi- tədqiqat işlərinə görə professor Z.Ə.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Ə.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftamoloqları Elmi Cəmiyyəti İdarə də « Oftalmologiya xəbərləri» jurnalının redaksiya heyətinin üzvü idi.
Z.Ə.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın əməkdar elm xadimi fəxri adını almışdır.
Zərifə xanım Əliyeva 1985-ci ildə aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə onun cənazasi Bakıya gətirilərək Fəxri Xiyabanda atasının qəbrinin yanında dəfn edilmişdir. Böyük alimin adı əbədiləşdirilmiş, bu gün Bakıda Göz Xəstəlikləri İinstitutu, Naxçıvan şəhər poliklinkası, Bakının Binəqədi rayonunun ərazisində istirahət parkı, Bakı və Naxçıvanda küçə onun adını daşıyır. Azərbaycan xalqı onun xatirəsini həmişə əziz tutur, xidmətlərini unutmur.
Sonra məruzə ətrafında Uşaq xəstəxanasının poliklinika şöbəsinin müdiri Zəhra Əliyeva, Bəyimsarov kənd xəstəxanasının baş həkimi Mehriban Hüseynova, Mərkəzi rayon xəstəxanasında həkim-oftamoloq Lalə Rəhimli, Mərkəzi rayon xəstəxanasının baş həkiminin müavini Mətanət Hüseynzadə çıxış etmişlər.
YAP rayon təşkilatının sədri Ramiz Şabanov görkəmli oftomoloq alim, ümummilli lider Heydər Əliyevin həyat yoldaşı, Azərbaycana Prezidentimiz İlham Heydər oğlu Əliyev kimi layiqli övlad bəxş edən, bütün analara nümunə təcəssümü olan Zərifə xanım Əliyevanın tibb sahəsində, xüsusilə göz xəstəlikləri və müalicəsi ilə bağlı əldə etdiyi yeniliklərin bu gün də tibb elmində davamlı şəkildə istifadə edilməsi barədə iştirakçılara geniş məlumat verərək tədbiri yekunlaşdırmışdır.