Tibbi müayinə uğurla davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fevralın 17-dan mayın 1-dək bütün ölkə vətəndaşlarının icbarı tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı Tərtər rayonunda böyük ruh yüksəkliyi ilə icra olunur.
Tibbi müayinələrin yüksək səviyyədə təşkil edilməsi üçün rayon icra hakimiyyətində yaradılmış komissiya təbliğat-təşviqat işlərini davam etdirir.
Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası, Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında aparılır. Rayonda əhali arasında aparılan maarifləndirici tədbirlərin nəticəsidir ki, hər bir vətəndaş yaşadığı əraziyə yaxın olan tibb müəssisəsinə gələrək tibbi müayinədən keçir. Bu günədək rayonda 41 yaşayış məntəqəsində, ümumilikdə 50782 nəfər vətəndaş tibbi müayinədən keçmişdir. onlardan 3727 nəfər ambulator, 63 nəfər isə stasionar müalicəyə cəlb olunmuş, 23 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir.
Xəstəlik aşkar edilən şəxslərin müalicəsi istiqamətində də işlər görülür, pulsuz dərmanla təmin olunur. Eyni zamanda, müəssisələrdə işləyən həkimlərdən ibarət səyyar briqadalar yaradılmışdır. Bu briqadalar xəstəxanalara gələ bilməyən yaşlı insanlara evlərində tibbi xidmət göstərirlər.
Aparılan kütləvi tibbi müayinələrin insanların sağlamlığı üçün olduqca böyük əhəmiyyəti vardır. Belə müayinələr insanlar arasında bir sıra xəstəlikləri erkən aşkar etməyə, vaxtında və dəqiq müalicə aparmağa imkan yaradır. Dövlət başçısının vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığı xəstəliklərin profilaktikası istiqamətində atılan uğurlu addımlardandır.