I rübə yekun vuruldu
Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin bu ilin aprel ayının 10-da Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına həsr olunmuş iclasında giriş nitqindən aydın olmuşdur ki, ilin ötən üç ayı ərzində aparılan islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf tempini saxlaya bilmiş, ölkə üzrə ümumi daxili məhsul 5 faiz, qeyri - neft sektoru 7 faiz, əhalinin pul gəlirləri 5.3 faiz, kənd təsərrüfatı məhsulları istehsalı 3 faizdən çox artmışdır. İnflyasiya cəmi 2.8 faiz təşkil etmiş və əhalinin gəlirləri bu göstəricini 2 dəfədən çox üstələmişdir.
Cənab Prezident yekun nitqində ilin “Kənd Təsərrüfatı ili” elan olunduğunu, bununla əlaqədar olaraq aidiyyəti Nazirlik və Dövlət Qurumları tərəfindən lazımi tədbirlərin vaxtında həyata keçirilməsinin vacibliyini qeyd etmişdir. Dövlətimizin başçısı kənd təsərrüfatı sektorunun inkişafının xüsusi əhəmiyyət daşıdığını, ölkənin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını qeyd edərək, bununla belə, ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını da vermişdir.
Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən inkişafdan rayonumuz da kənarda qalmamışdır. Rüb ərzində rayonun sosial – iqtisadi inkişafının sürətləndirilməsi, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, infrastrukturun inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, yeni iş yerlərinin yaradılması, əhalinin sosial - iqtisadi problemlərinin həlli və yaşayış məntəqələrinin abadlaşdırılması sahəsində bir sıra uğurlu işlər görülmüşdür.
Belə ki, cari ilin birinci rübündə keçən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 2.5 faiz, kənd təsərrüfatının ümumi məhsulu 2.8 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 10.5 faiz, nəqliyyat sektorunda yükdaşımaların həcmi 3,5 faiz, sərnişin daşımalarının həcmi 5,2 faiz, pərakəndə ticarət dövriyyəsinin həcmi 5,3 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 5.7 faiz artmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 1.2 faiz artaraq 231.3 manat təşkil etmişdir. Rayonda 258 yeni iş yeri açılmışdır ki, onun da 103-ü daimi iş yerləridir.
Hesabat dövründə aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür. Kənd təsərrüfatı istehsalçılarına subsidiya və yardım verilməsi, mülkiyətçilərin maddi maraqlarının yüksəldilməsi mühüm irəliləyişlərə səbəb olmuşdur. Cari ilin məhsulu üçün rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 10854 hektar sahədə taxıl səpini aparılmışdır. Hər hektar buğda səpininə görə kənd təsərrüfatı məhsullarının istehsalçılarına dövlət büdcəsinin vəsaiti hesabına rayon üzrə 1650 istehsalçıya 215 min 384 manat yardım verilmişdir. Bundan başqa 2428 hektarda yazlıq bitkilər əkilmişdir.
Heyvandarlığın inkişafı sahəsində həyata keçirilən tədbirlər də davam etdirilmişdir. Keçən ilin eyni dövrü ilə müqayisədə iribuynuzlu mal-qaranın sayı 428 baş, qoyun və keçilərin sayı 1549 baş artmışdır. Bakı şəhərindəki yarmarkalara 85,5 ton müxtəlif kənd təsərrüfatı məhsulları göndərilmişdir. Rayonda mövcud olan 461 ədəd subartezian quyularından 454 ədədi saz və işlək vəziyyətdədir. 2015-ci ildə susuzluqdan əziyyət çəkən ərazilərdə 14 ədəd yeni subartezian quyularının qazılması və 6 ədəd subartezian quyularının yenidən bərpası nəzərdə tutulmuşdur.
Respublikamızın digər bölgələrində olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində rayonumuzda da tikinti-quruculuq və abadlıq işləri davam etdirilmişdir. Tərtər çayı sahilində 2.5 hektar ərazidə yeni park salınması üçün hazırlıq işləri aparılmışdır. Heydər Əliyev prospektində yüksək gərginlikli hava xəttinin 1300 metr məsafədə SİP kabellə yeraltı çəkilişi işləri başa çatdırılmışdır. Tərtər şəhərinin M.Əsədov və T.İsmayılov küçələrində istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri davam etdirilir. M.Əsədov küçəsində 800 metr məsafədə yol kənarına bardyor düzülərək səkilər salınır. F.Qulami küçəsində 1500 metr məsafədə gecə işıqlanması sistemi quraşdırılmışdır. Hal-hazırda həmin küçədə istinad divarlarının aqlay və bəzək daşları ilə üzlənməsi işləri aparılır. Heydər Əliyev prospektində bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi üçmərtəbəli inzibati bina əsaslı təmir edilir, hazırda binanın fasadının aqlay daşı ilə üzlənməsi işləri başa çatmaq üzrədir. Tərtər şəhərində 100 yerlik yeni uşaq bağçasının, müasir tələblərə cavab verən yeni Şahmat məktəbinin, Qapanlı kənd tibb məntəqəsinin, Kənd Təsərrüfatı İdarəsinin inzibati-laboratoriya binasının tikintisi aparılır. V.Həsənov küçəsində yerləşən ikimərtəbəli yaşayış binalarının ətrafında 300 ədəd eldar şamı əkilmiş, 2 hektar ərazidə yaşıllıq zolağı salınmışdır. Həmçinin Nizami küçəsində 4 ədəd beşmərtəbəli binaların elektrik xətləri SİP kabelləşdirilmiş ve gecə işıqlanması üçün beşmərtəbəli və ikimərtəbəli binaların həyətində müasir işıq dirəkləri quraşdırılmışdır. Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə rayonda tikilən 54 mənzilli, 6 mərtəbəli yaşayış binasının inşası başa çatdırılmış və yaxın günlərdə istifadəyə veriləcəkdir.
“İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayon mərkəzində və yaşayış məntəqələrinə, yol kənarlarına 12 mindən çox ağac əkilmişdir.
Yerli əhəmiyyətli R-27 Qaradağlı-Seysulan avtomobil yolunda asfalt beton örtüyün alt qatının tikintisi davam etdirilir, 0.5 km uzunluqda asfalt beton örtüyünün alt qatı, eləcə də R-27 Qaraqoyunli-Köçərli avtomobil yolunda 1 km çınqıl örtüyü tikilmişdir.
Rayon ərazisində məskunlaşmış 1170 məcburi köçkün ailələri üçün qəsəbənin tikilməsi, şəhərin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, Sarıcalı-Zolgəran kəndləri ərazisində Tərtər çayı üzərində yeni körpünün tikilməsi məqsədi ilə hazırlıq işləri aparılır.
Rayonda təbii qaz təminatının yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər də rüb ərzində davam etdirilmişdir. Rayonun İsmayılbəyli kəndinə qaz xətti çəkilmişdir. Bundan əlavə, rayonun Hacıqərvənd və Evoğlu kəndlərində qazlaşma işləri davam etdirilməklə son tamamlama işləri aparılır. Seydimli kəndində müxtəlif diametrli kəndarası qaz xəttləri və Seydimli-Borsunlu kəndlərı istiqamətində daşıyıcı polietilen qaz xətti çəkilir. Yaxın günlərdə isə Kəngərli, Mamırlı, Poladlı və Dəmirçilər kəndlərinə də qaz xətti çəkilişinə başlanılacaqdır.
Dövr ərzində rayonda təhsil və səhiyyə ocaqlarının maddi–texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər aparılmışdır.
2015-ci ildə məktəblilərin fənn olimpiadasının I turunda 272 nəfər şagird iştirak etmiş və onlardan 28 nəfər növbəti tura vəsiqə qazanmışdır. Olimpiadanın yekun turunda iştirak edən 28 nəfərdən 3 nəfər III yeri tutmuşdur.
Hesabat dövründə əsas diqqət ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinə müasir Azərbaycan tarixinin və Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi məqsədi ilə “Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial–iqtisadi inkişafının təminatçısıdır” mövzuları üzrə Heydər Əliyev mərkəzində keçirilən dərslərə yönəldilmişdir.
Rayonumuzun 34, Kəlbəcər rayonunun 7 tam orta məktəbin XI sinif şagirdləri açıq dərslərə cəlb olunmuş, 27 tam orta məktəbdən 490 şagirdə dərslər keçirilmişdir.
Məlumunuz olduğu kimi, respublika Prezidenti cənab İlham Əliyev fevralın 2-dən, mayın 1-dək bütün ölkə vətəndaşlarının icbari tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığına əsasən indiyədək 41662 nəfər tibbi müayinədən keçirilmiş, 2711 nəfər ambulator, 39 nəfər stasionar müalicəyə cəlb olunmuş, 14 nəfər müalicə üçün Bakı şəhərinə göndərilmiş, 33 məntəqədə müayinə başa çatdırılmışdır.
Heydər Əliyev mərkəzində 28 yeni ailə quran gənclərin nigah mərasimi qeyd olunmuşdur.
Görülən işlərin təhlili göstərir ki, rüb ərzində bir sıra uğurlara nail olsaq da, hələ də ayrı-ayrı sahələr üzrə işimizdə nöqsanlar və problemlər mövcuddur. Odur ki, bundan sonra da qüvvələr səfərbər olunmalı, imkanlardan və ehtiyat mənbələrindən səmərəli istifadə etməklə möhtərəm Prezidentimiz tərəfindən cari ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasdakı nitqindən irəli gələn vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi üçün səy və bacarığımızı əsirgəməməliyik.
Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Su-Kanal idarəsinin rəisi Elnur Abbasov, Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Gündüz Mürsəlov, Tərtər Rayon Mənzil İstehsalat Təmir İstismar Sahəsinin rəis əvəzi Hafis Ələkbərov çıxış etdilər.
Hesabat yığıncağında söylənən təklif və qeydlər nəzərə alınaraq müvafiq qərar qəbul olunmuşdur.