Şriftin ölçüsü :

Saytın rəngi :

Milli mənəvi dəyərlərimiz və müasirlik

07 aprel 2015 | 15:00

“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli mənəvi dəyərlərimiz və müasirlik” adlı növbəti tədbirini Tərtərdə keçirmişdir. Tədbiri giriş sözü ilə rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Şabanov açmış, sonra sözü “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyliyə vermişdir. Tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirmişdir ki, hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələri, yüksək mənəvi dəyərlər sisteminə malik olmalarıdır. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir: “Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verib. Adət-ənənələrimiz və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik quruculuğu arasında sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü cəmiyyəti əxlaqi, milli-vətənpərvərlik baxımından düzgün istiqamətə yönəltməsindən, saf təməllər üzərində tərbiyə etməsindən asılıdır”.

“Milli kimliyinə sahib olmayan millətlərin tarixdə ancaq adı qalır”,-sözləri ilə çıxışına başlayan Qarabağ Seyid Ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli “Milli adət və ənənələrinə sadiq olan millət heç vaxt yad düşüncələrin qurbanına çevrilmir. Bu gün Qarabağın işğaldan azad olunmasının yollarından biri də hər bir ölkə vətəndaşının mənəvi dəyərlərimizə sahib olmasından keçir”; fikirlərini vurğulamışdır.

Sonra Tərtər Cümə Məscidinin axundu Sadiq Cəfərov, rayon ağsaqqallar şurasının sədri Qədir Allahverdiyev milli-mənəvi dəyərlərdən danışmış, gənclərə öz tövsiyələrini vermişlər.
 

Keçidlər