MTN-nin yaradılmasının 96-cı ildönümü qeyd olundu
Azərbaycanın Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq Umummilli liderin xatirəsini yad etmişlər.
Sonra tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Tədbir dəyirmi masa arxasında davam etmişdir.
MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov əməkdaşları peşə bayramı münasibəti ilə təbrik edərək MTN-nin yaranma tarixi haqqında ətraflı məruzə etmiş, bildirmişdir ki, əsası Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən qoyulmuş bu mühüm dövlət təsisatında milliləşmə prosesində, müstəqillik illərində Milli Təhlükəsizlik Nazirliyinin milli maraqlara xidmət edən peşəkar qurum kimi formalaşmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur.
Heydər Əliyev sovet rejiminin ən sərt dönəmlərində Azərbaycanın təhlükəsizlik orqanlarının qapılarını azərbaycanlı kadrların üzünə geniş açmaq kimi çox çətin və riskli bir işin öhdəsindən böyük ustalıqla gəlmiş, bu strukturu ilk növbədə Azərbaycan xalqının milli maraqlarının və mənafelərinin qoruyucusuna çevirmişdi. Ulu öndər özünün xalqa və vətənə sədaqəti, sonsuz məhəbbəti ilə ideal zabit, ən başlıcası isə böyük azərbaycanlı idi. Onun yüksək peşəkarlığı, qətiyyəti, analitik təfəkkürü və təşkilatçılığı sayəsində o illərdə Azərbaycan təhlükəsizlik orqanlarının həyata keçirdikləri uğurlu əməliyyatlar bu orqanın əməkdaşlarına böyük hörmət və nüfuz qazandırmışdı.
Azərbaycan Respublikası 1991-ci ilin oktyabr ayında özünün dövlət müstəqilliyini bərpa etdikdən sonra, Dövlət Təhlükəsizlik Komitəsinin maddi-texniki və kadr bazası əsasında 1991-ci il noyabr ayının 1-dən Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi təsis edildi. SSRİ-yə daxil olan digər Respublikaların nümayəndələri nazirliyi və ölkəni tərk etdilər, orqanın yerli kadrlardan komplektləşdirilməsi dövrü başlandı.
Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olundu.
Bu gün biz sonsuz qürur hissi ilə qeyd edirik ki, Milli Təhlükəsizlik Nazirliyi Akademiyasının təsis edilməsi də bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 dekabr 2005-ci ildə imzaladığı fərmanla milli təhlükəsizlik orqanları üçün kadr hazırlığı sahəsində nailiyyətləri nəzərə alınaraq akademiyaya ümummilli lider Heydər Əliyevin adı verilmişdir. Akademiyaya Azərbaycan təhlükəsizlik orqanlarının əzəli fəxri rəhbəri ulu öndərin adının verilməsi şəxsi heyətdə hədsiz sevinc və qürur hissi ilə qarşılanmışdır.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov respublikamızın Milli Təhlükəsizlik orqanlarını, o cümlədən rayon şöbəsinin bütün əməkdaşlarını şanlı yubileyləri münasibətilə səmimi qəlbdən təbrik etdi və onlara cansağlığı, çətin və şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Bildirdi ki, əsası Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, keçmişin ən ümdə şanlı dəyərlərini özündə əks etdirməklə gələcəyə hesablanmış uğurlu dövlətçilik strategiyası bu gün müstəqil ölkəmizdə bütün sahələrdə olduğu kimi, milli təhlükəsizlik istiqamətində də layiqli şəkildə davam etdirilməkdədir. Ümummilli liderimiz Heydər Əliyev cənabları Milli Təhlükəsizlik orqanlarının fəaliyyətinə həmişə yüksək qiymət verirdi. Ulu öndərin vaxtıilə soylədiyi “Azərbaycanın müstəqilliyini qoruyan dövlət atributlarının hər biri bizim üçün əhəmiyyətlidir. Bunların içərisində Milli Təhlükəsizlik Nazirliyi xüsusi yer tutur” ifadəsi həmin qiymətin bariz nümunəsidir. Dahi rəhbərin başladığı milli dövlət quruculuğu prosesinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan hazırda regionun lider ölkəsinə çevrilib. Bu yönümdə əsas qarant olan sabitlik və təhlükəsizliyin etibarlı qorunmasında milli təhlükəsizlik orqanlarının öz layiqli rolu və xidmətləri vardır.
Tədbirdə çıxış edən rayon prokuroru Azər Hətəmov, rayon polis şöbəsinin rəisi Rauf Məcidov, YAP rayon təşkilatının sədri Ramiz Şabanov da öz ürək sözlərini bildirmişlər.
Tədbirin sonunda MTN-nin Tərtər rayon şöbəsinin bir qrup əməkdaşına yubileyləri münasibətilə rayon icra hakimiyyətinin Fəxri Fərman və qiymətli hədiyyələri təqdim edilmişdir.
Sonra MTN-nin rayon şöbəsinin əməkdaşları rayon icra hakimiyyətinin işçiləri ilə birlikdə “IDEA” İctimai Birliyi tərəfindən həyata keçirilən I “Ümumrespublika Yaşıllaşdırma” marafonuna qoşularaq ağac əkmişlər.