31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni təqvim ilinin başlanması münasibəti ilə Tərtər Rayon İcra Hakimiyyətində tədbir keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, İƏD üzrə nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları öncə Mərkəzi Meydanda Ümummilli Lider Heydər Əliyevin abidəsini və Şəhidlər Abidə Kompleksini ziyarət edib önünə gül dəstələri düzüblər.
Tərtər Rayon İcra Hakimiyyətində davam edən tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin, torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və 25 dekabr tarixində qəzaya uğramış sərnişin təyyarəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarının şəxsində bütün dünya soydaşlarımızı 31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliik günü, Yeni təqvim ilinin başlanması münasibəti ilə səmimi qəlbdən təbrik edib, onlara uzun ömür, can sağlığı, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanımızın respublika prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında tərəqqi və inkişafı namınə işlərinizdə uğurlar diləyib.
Qeyd olunub ki, yola saldığımız 2024-cü il - “Yaşıl dünya naminə həmrəylik ili” bütün ölkəmiz üçün uğurlu oldu.
Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində onlarla ətraf mühitin təmiz saxlanması ilə bağlı maarifləndirmə tədbirləri, “dəyirmi masa”lar, yazı müsabiqələri, əl işlərindən, rəsmlərdən, fotolardan, kitablardan ibarət sərgilər, iməciliklər, ağacəkmə aksiyaları keçirildi, rayonumuzda magistral yol kənarlarına, parklara minlərlə ağac əkildi, yaşıllıq zolaqları salındı.
Rayonumuza gələn qonaqlar da tərtərlilərlə birlikdə agacəkmə aksiyalarında həvəslə iştirak etdilər.
Bildiyiniz kimi Azərbaycan ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması məsələlərinə xüsusi önəm verir və bu istiqamətdə mühüm işlər görür. Dünyada ən irimiqyaslı və mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) yekdil qərarla ölkəmizin ev sahibliyi etməsi bunun bariz nümunəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu, beynəlxalq ictimaiyyətin ölkəmizə böyük hörmətinin və etimadının göstəricisidir.
Ötən ildən artıq işğaldan azad olmuş ərazilərə böyük qayıdış başlayıb. Sözsüz ki, ölkə rəhbərinin diqqət və qayğısı ilə həmin ərazilər yenidən gülüstana çevriləcək, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-abadlıq, quruculuq işləri həmin ərazilərin xoşbəxt gələcəyindən xəbər verir.
Çıxışında rayon rəhbəri rayonun kənd təsərrüfatı sahəsində əldə etdiyi nəticələrdən də danışıb. Qeyd edib ki, kənd əməkçiləri bu il 11628,7 ton taxıl, 7013,29 ton pambıq, 300 qutudan dövlətə 9272 ton barama, 3883,7 ton şəkər çuğunduru təhvil veriblər.
İcra başçısı bildirib ki, 2024-cü ildə sevincli günlərimizlə yanaşı kədərli günlərimiz də oldu Azərbaycana məxsus sərnişin təyyarəsinin dekabrın 25-də qəzaya uğraması bütün xalqımızı sarsıtdı. Respublika Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 26 dekadr matəm günü kimi təqvimə düşdü. Qəzada həlak olanların ailəsinə dərin hüznlə başsağlığı verir, onlara Ulu Tanrıdan rəhmət diləyirik.
Rayon rəhbəri qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsində tarixi zəfərimiz və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümünü nəzərə alaraq, Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib.
Bu gün Azərbaycan Respublikası Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Sonra YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon ağsaqqallar şurasının sədri Faiq Məmmədov və Şıxarx 1 nömrəli tam orta məktəbin direktoru Vəfa Quliyeva çıxış edərək tədbir iştirakcılarını bayramlar münasibəti ilə təbrik ediblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxs rayon icra hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən fəxri fərman, gənc idmançılar isə qazandıqları uğurlara görə təşəkkürnamə ilə təltif olunublar.