31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il Bayramı münasibəti ilə Tərtərdə bayram tədbiri keçirilib
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, idarə, müəssisə, təşkilat rəhbərləri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Sonra tədbir rayon Mədəniyyət Mərkəzində davam etdirilib.
Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, sonra Ümummilli Liderin və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərliləri 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, Yeni təqvim ilinin başlanması və Böyük Zəfər-respublikamızın ərazi bütövlüyünün tam bərpası münasibəti ilə təbrik edib.
Rayon rəhbəri 2023-cü ilin Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli sərəncamı ilə Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə “Heydər Əliyev İli” elan olunduğunu, bu münasibətlə respublikanın hər yerində olduğu kimi, Tərtər rayonunda da silsilə tədbirlərin keçirildiyini, keçirilən tədbirlərin tərtərlilərin yaddaşında dərin iz buraxdığını bildirib, Ümummilli Liderin Azərbaycanın, hər bir azərbaycanlının taleyində misilsiz rol oynadığını qeyd edib.
Bildirib ki, rayonda keçirilən yubiley tədbirlərində tərtərlilərlə yanaşı respublikamızın hər yerindən olan qonaqlar iştirak etdilər. O cümlədən Ulu Öndərin məzunu olduğu Bakı Dövlət Universitetinin professor-müəllim heyətinin rayonumuza gəlişi, keçirdikləri tədbirlər, söylədikləri mühazirələr yaddaşımızda dərin iz qoydu.
“Heydər Əliyev İli”ndə sentyabrın 19-da keçirilən lokal xarakterli antiterror əməliyyatlarından danışan rayon rəhbəri Möhtərəm Ali Baş Komandan, məğlubedilməz sərkərdə cənab İlham Əliyev işğaldan azad edilmiş Xankəndi, Xocalı, Xocavənd və digər ərazilərdə öz əli ilə Azərbaycan Bayrağını dalğalandırmasından, Azərbaycan xalqına verdiyi bütün vədlərə və ata vəsiyyətinə əməl etməsindən, məhz “Heydər Əliyev İli”ndə Müstəqil Azərbaycanımız öz suverenliyinə, tam ərazi bütövlüyünə qovuşmasından da böyük qürur hissi ilə danışıb. Bildirib ki, artıq işğaldan azad olmuş ərazilərə böyük qayıdış başlayıb. Sözsüz ki, ölkə rəhbərinin diqqət və qayğısı ilə həmin ərazilər yenidən gülüstana çevriləcək, işğaldan azad edilmiş ərazilərdə aparılan geniş tikinti-abadlıq, quruculuq işləri həmin ərazilərin xoşbəxt gələcəyindən xəbər verir.
Qeyd edilib ki, “Heydər Əliyev İli”ndə tərtərlilər əmək cəbhəsində də nailiyyət qazanıblar.
Yola saldığımız 2023-cü ildə taxılçılarımız 8929 hektar sahədə taxıl becəriblər. Taxıl istehsalı ötən illə müqayisədə 17,1 faiz artıb, orta məhsuldarlıq buğda üzrə 44,3 sentner, arpa üzrə 42,5 sentner olub.
Pambıqçılıq kənd təsərrüfatının gəlirli sahəsidir. Bu il rayonumuzun pambıqçıları əkdikləri 2242 hektar sahədən 6301 ton “ağ qızıl” götürüblər. Hazırda pambıq yığımı davam edir.
Rayonumuzun kümçüləri də ipəkçiliyin inkişafında fəallıq göstəriblər. Onlar 2023-cü ildə dövlətə 14,8 ton barama təhvil veriblər. Ötən illə müqayisədə barama tədarükü 45,3 faiz artıb.
2023-ci ildə rayonda 17,9 hektar sahədən fiziki çəkidə 1137,8 ton şəkər çuğunduru götürülüb.
İcra başçısı öz çıxışında respublika prezidenti tərəfindən 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu, qarşıdan gələn 2024-cü ilin də xalqımız, dövlətimiz üçün əlamətdar olacağını, yeni ildə keçiriləcək 7 fevral növbədənkənar prezident seçkilərinin Azərbaycan tarixinin ən önəmli seçkiləri olacağını vurğulayıb. Qeyd edib ki, Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq ərazi bütövlüyü və suverenliyi tam bərpa edilən şəkildə seçkidə iştirak edəcək. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir. Azərbaycan xalqı tarixdə ilk dəfə olaraq qalib ölkə vətəndaşı kimi seçkilərdə iştirak edəcək, keçirilən prezident seçkilərində öz layiqli namizədinizə səs verəcəklər.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti və YAP rayon təşkilatı tərəfindən rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub.
Sonda Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər Rayon Mədəniyyət Mərkəzinin hazırladığı bayram konserti təqdim edilib.