Tibbi müayinə uğurla davam etdirilir
Bununla əlaqədar olaraq rayon icra hakimiyyətinin başçısı tərəfindən Sərəncam imzalanaraq müvafiq komissiya yaradılmış və qrafik hazırlanmışdır. Qrafik əsasında Rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri əhalinin sağlamlığının qorunması, müalicəsi və profilaktikası məqsədilə fevral ayının 2-dən əhalinin tibbi müayinəsinə başlamışdır. Tibbi müayinə rayon Mərkəzi Xəstəxanası ilə yanaşı Azadqaraqoyunlu və Bəyimsarov kənd xəstəxanalarında da aparılır. Həmçinin xəstəxanaya gələ bilməyən yaşlı insanlara, əlillərə evlərdə tibbi xidmət göstərmək məqsədilə həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
Bu günədək rayonda 27 yaşayış məntəqəsində, ümumilikdə 36336 nəfər tibbi müayinədən keçmiş, onlardan 2092 nəfər ambulator, 29 nəfər isə stasionar müalicəyə cəlb olunmuş, 11 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilmişdir. Fevral ayından başlanan tibbi müayinə may ayının 1-dək davam edəcəkdir. Ümumilikdə, tibbi müayinədən rayonun 51 yaşayış məntəqəsindən 18 yaşdan yuxarı 56204 nəfərin tibbi müayinədən keçməsi nəzərdə tutulubdur.
Rayon mərkəzi xəstəxanasının terapiya şöbəsinin müdiri Sürayya Əhmədova, Azadqaraqoyunlu kənd sakini Arif Hüseynov, şəhər sakini Zülfiyyə Abdullayeva, məcburi köçkün Zabil Zeynalov və başqaları onların sağlamlığının etibarlı şəkildə qorunması, xəstəliklərin erkən aşkar edilərək müalicə olunması məqsədi daşıyan bu xeyirxah aksiyanı yüksək qiymətləndirir və dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər.