“N” saylı hərbi hissənin 23-cü ildönümü qeyd olundu
Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissənin 23-cü ildönümünə həsr olunmuş tədbiri hərbi hissənin komandiri Ruslan Ağakişiyev açdı. Sonra vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Komandir R.Ağakişiyev Azərbaycan Ordusunun yaranma tarixindən, rəhbərlik etdiyi hərbi hissənin döyüş şücaətindən qurur hissi ilə danışdı.
Sonra rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tərtərlilərin vətənpərvərliklərindən, onların düşmənlə üzbəüz, mərdliklə dayanmasından, tərtərli oğulların bir qarış belə torpaq vermədiklərindən danışaraq həmyerlimiz olan Azərbaycanın Milli Qəhrəmanları Elman Hüseynovun, Vəzir Orucovun, Azərbaycan Bayrağı Ordenli Ədalət Paşayevin adını fəxrlə çəkdi. O, zabit və əsgərləri Vətənin keşiyində ayıq-sayıq dayanmağa səslədi.
Rayon rəhbəri respublikada ordu quruculuğuna Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğını xüsusi vurğuladı.
Sonra korpus komandirinin müavini Həbib Məmmədov, Qarabağ Müharibəsi əlili Nizami Heydərov, “Xocalı soyqırımını tanıdım” ictimai birliyinin sədri Şamil Sabiroğlu çıxış etdilər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov hərbi hissəyə televizor hədiyyə etdi. Sonra hərbi hissənin komandiri tərəfindən hərbi xidmətdə fərqlənən zabit və əsgərlər Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olundu. Tədbir iştirakçıları zabit və əsgərlərlə birlikdə konsert proqramına baxdılar.