“Narkomaniya bəşəriyyətin faciəsidir” adlı tədbir keçirildi
Tərtər rayon Gənclər Mərkəzində yetkinlik yaşına çatmayanların narkotik vasitələrdən və psixotrop maddələrdən, tütün məmulatlarından, spirtli içkilərdən istifadənin, cinayətə və cinayətkarlığa meyliliyinin qarşısının alınmasının, dini təriqət və radikal qruplara qoşulması hallarının aradan qaldırılması , bilə-bilə terrorçuluqla bağlı yalan məlumat vermədən, qərəzli şəkildə təhsildən yayınmalardan və erkən nikaha daxil olma hallarından uzaq olmaları ilə bağlı ümumrayon tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon polis şöbəsinin rəisi Rauf Məcidov açaraq məruzə etmişdir. O, bildirmişdir ki, bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən biridir.
Azərbaycan Respublikası narkotiklərin qanunsuz dövriyəsinə qarşı mübarizəni tənzimləyən beynəlxalq hüquq normalarını tam, hərtərəfli və sistemli şəkildə əks etdirən Birləşmiş Millətlər Təşkilatının Konvensiyalarına, o cümlədən 1972-ci il protokolu ilə edilmiş düzəlişlərlə “Narkotik vasitələrə dair 1961-ci il Vahid Konvensiyasına”, “Psixotrop maddələr haqqında” 1971-ci il Konvensiyasına və “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” 1988-ci il Konvensiyasına qoşulmaqla bu cinayətlərə qarşı mübarizədə öz üzərinə mühüm vəzifələr götürmüşdür.
Xalqımızın ümumilli lideri Heydər Əliyev Narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalamış və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur.
Qeyd olunan fərman əsasında ölkəmizdə 2000-ci ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Ümummilli Proqram hazırlanmış, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Eyni zamanda, 28 iyun 2005-cu ildə isə Milli Məclis tərəfindən «Narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Qanun qəbul olunmuşdur. Bu qanunun başlıca əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda narkotik tərkibli bitkilərin kultivasiyası, narkotik vasitələrin və psixotrop maddələrin istehsalı, dərman preparatlarının və xammalın hazırlanması qanunla qadağan edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 28 iyun 2007-ci il tarixli 2271 saylı Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 2007-2012-ci illər üçün Proqram” 24 iyun 2013-cü il tarixli, 2966 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün “Dövlət Proqramı”təsdiq edilmişdir.
Narkomaniya uzun illərdir dünyanın ən böyük problemlərindən biri kimi bəşəriyyəti düşündürür və rahatsız edir. Cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniyaya meyl təəssüflər olsun ki, günü-gündən artmaqdadır. Əksərən də yeniyetmə və gənclər arasında. Çünki onlar daha çılğın və emosionaldırlar, istəklərini həyata keçirmək üçün ən gözlənilməz yollara da əl atırlar. Bu da təbii ki, onları könüllü olaraq narkotika alverçilərinin müştərisi edir. Hazırda bəşəriyyət qarşısında duran ən mühüm məsələlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi kimi təhlükəli cinayətkarlıqla qətiyyətli mübarizə aparmaqdır. Narkobiznes hazırda çox mənfəətli kriminal sahələrdən biri olmaqla ondan əldə edilən gəlirlər başqa transmilli cinayətlərə, xüsusən də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir. Bu da öz növbəsində onun təhlükəliliyini daha da artırır. Dünyanın müxtəlif qaynar bölgələrində həyata keçirilən terror aktları, qırğınlar, dağıntılar, günahsız insanların, xüsusən də uşaqların ölümü ilə nəticələnən qorxunc hadisələrin çoxu beynəlxalq narkobiznes hesabına həyata keçirilir və günü bu gün də davam etməkdədir.
Təəssüflə qeyd etməliyik ki, Azərbaycan da bu gün ən ağrılı problemlərdən birinə çevrilmiş narkotizm bəlasına düçar olmuş ölkələr sırasındadır. Artıq narkotik vasitələrin daşınmasında ölkəmizin ərazisindən tranzit məntəqəsi kimi istifadə olunur. Əfqanıstandan gətirilən narkotik vasitələrin MDB ölkələrinə və Avropaya daşınmasında Azərbaycanın işğal altındakı ərazilərindən tranzit kimi istifadə olunur.
Narkomaniya ilə mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, ən çox isə gənc nəslin fərdi, birgə fəaliyyətinə, böyük ehtiyac var. Bir sözlə, gənclər mənəvi və psixoloji, eyni zamanda da fiziki cəhətdən o qədər güclü olmalıdır ki, onu heç bir şər qüvvə təsir altına sala bilməsin. Lakin gəncləri düz yolundan çəkindirənlər, onları narkotik asılılığına düçar edənlər, onlar arasında narkomaniya hallarının yayılmasına çalışan qüvvələr də fəaliyyət göstərir.
Qeyd edək ki, hazırda bütün dünyada olduğu kimi, Azərbaycanda da narkotik istifadəçilərinin böyük əksəriyyətini gənclər təşkil edir. Onların sayı isə ilbəil artmaqdadır. Belə həblər ilk dəfə yeniyetmələrə, gənclərə pulsuz verilir. Onlar buna aludə olduqdan sonra pulla almağa məcbur olurlar. Bu gənclər pul tapmadıqda isə hər cür cinayətə əl atırlar. Bu bir tərəfdən cinayətkarlığın inkişafına şərait yaradırsa, digər tərəfdən gənc nəslin sağlamlığının məhv olmasına gətirir və milli genofondu təhlükə altına alır. Fikir versək görərik ki, ilk narkotik maddə istifadə etməyə başlayanların çoxu depressiyadan çıxmaqdan ötrü bu yola əl atır.
Dünyada "ağ ölüm"ün geniş yayılmasına baxmayaraq, hələlik bu haqda yeniyetmələr üçün heç bir dərs vəsaiti hazırlanmır. Düzdür, bəziləri ailəsinin və yaxınlarının yardımı ilə narkotik asılılığından can qurtarıb normal həyata qayıda bilir. Amma yüzlərlə gənc narkotik aludəsi kimi həyatını davam etdirir. Çünki, gənclərə narkotikin verəcəyi ziyanlardan, xəstəliklərdən xəbərsizdirlər, bunun üçün də bu məsələyə çox sadə yanaşırlar. Yeniyetməyə narkotikdən istifadə etmə deyilsə bunun nə olduğunu təsirlərini bilmədiyi üçün bu zaman yeniyetmədə narkotikə qarşı daha da maraq yaratmış oluruq, amma biz yeniyetmələrə göstərilsə ki, bunun hansı zərərləri var, istifadə edən adam nə vəziyyətlərə düşə bilər, bu addımlar daha təsirli olacaqdır. Narkotik maddələrdən mütəmadi olaraq istifadə insanı məhv edir.
Onu da qeyd etmək lazımdır ki, hazırkı mürəkkəb şəraitdə narkomaniyaya qarşı mübarizədə bütövlükdə cəmiyyətin, dövlətin, xalqın, nəhayət, hər bir şəxsin fərdi və birgə fəaliyyətinə, bu cür təhlükəli təzahürlərə qarşı barışmaz mövqeyinə və əməli köməyinə böyük ehtiyac vardır. Narkomanlıq da narkotiklərin qanunsuz dövriyyəsinin coğrafiyası kimi sərhəd tanımır. Bu dəhşətli xəstəlik dinindən, dilindən, irqindən, sosial vəziyyətindən, mənşəyindən, vəzifəsindən və s. asılı olmayaraq hamı üçün eyni dərəcədə təhlükəlidir.
Bu onunla izah oluna blər ki, narkomaniya öz-özlüyündə cinayətkarlığı, zorakılığı və korrupsiyanı yaradır, qazanılmış immun çatışmazlığı sindromunun sürətlə artmasına təkan verir, sosial-iqtisadi inkişafı ləngidir, ailələri dağıdır, bütövlükdə cəmiyyəti sosial partlayışlara sürükləyir.
Təəssüflə qeyd olunmalıdır ki, narkomanlığın sarsıdıcı nəticələri Azərbaycandan da yan ötməyib. Qeyd etdiyimiz kimi ən acınacaqlı və haqlı narahatlıq doğuran hal gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının artmasıdır. Cəmiyyəti bu bəladan xilas etmək, yeni nəslin sağlam böyüməsi, gələcəyimiz olan gənclərin bu yoluxucu xəstəliyə tutulmalarının qarşısını almaq dövlətimizin başlıca vəzifələrindən biridir və dövlətimizin daimi nəzarətindədir.
Sonra polis rəisi bildirmişdir ki, rəhbərliyə gəldiyim ilk gündən narkomanlığa qarşı mübarizə aparmaq, gənc nəslin sağlam ruhda böyüməsini təmin etmək, Tərtər rayonunda narkomaniyanın kökünü kəsmək mənim əsas amalım olmuşdur. Bu epidemiyanın qarşısını almaq üçün kollektivi tam səfərbər edib əzmlə mübarizəyə bu gün də davam edirik.
Məlumat üçün bildirirəm ki, son 2 il ərzində narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə nəticəsində tərəfimizdən 24 fakt aşkarlanmış, qanunsuz dövriyyədən isə ümumilikdə təxminən 11 kq yaxın narkotik vasitə aşkar edilərək götürülmüşdür.
Keçirilmiş tədbirlər nəticəsində bu növ cinayətlərə görə 24 nəfər həbs edilmiş,11 nəfər isə inzibati məsuliyyətə cəlb edilmişdir.
R.Məcidov çıxışının sonunda tədbir iştirakçılarına müraciət edərək demişdir: Gəlin bir yerdə “narkomaniyaya yox deyək” .
Sonra rayon prokuroru Azər Hətəmov, MTN-nin rayon şöbəsinin rəisi Anar Əzizov, rayon mərkəzi xəstəxanasının psixatr-narkoloqu Rima Axundova, rayon təhsil şöbəsinin metodisti Gülxar Abbasova, Tərtər Cümə məscidinin axundu Sadiq Cəfərov, Gənclər və İdman İdarəsinin rəisi İsmayıl İsmayılov çıxış etmişlər.
Tədbiri rayon icra hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Tərtər rayon Kommissiyasının sədri Ramiz Şabanov yekunlaşdırdı.