Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar yığıncaq keçirildi
Heydər Əliyev Mərkəzində rayon icra hakimiyyəti YAP rayon qadınlar şurası ilə birgə Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə həsr olunmuş yığıncaq keçirmişdir. Əvvəlcə, Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yığıncağı giriş sözü ilə açan YAP qadınlar şurasının sədri Xatirə Məmmədova Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib. Bildirib ki, bu faciənin geniş ictimaiyyətə çatdırılması üçün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük əməyi olub. Məhz onun təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisində ilk dəfə bu məsələyə siyasi qiymət verilib, faciənin dünya ictimaiyyətinə çatdırılması məqsədi ilə işlərə başlanıb. Bu işlərin nəticəsidir ki, hər il faciənin ildönümü istər respublikamızda, istərsə də onun hüdudlarından kənarda geniş qeyd olunur, faciə qurbanlarının xatirəsi yad edilir, dünya ictimaiyyətinə ermənilərin iç üzü göstərilir.
Sonra Qapanlı kənd tam orta məktəbinin direktoru Fitat Əliyeva, Sarov kənd kitabxanasının müdiri Əfruz Babayeva, şəhər 2 saylı məktəb-liseyin müəllimi Xatirə Fərzəliyeva, şəhər 1 saylı tam orta məktəbin uşaq birliyinin rəhbəri Turanə Bayramova çıxış edərək bildirmişlər ki, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş bu son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətini alması məsələsi dövlət siyasətinin mühüm istiqamətini təşkil edir.
Yığıncaqda Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunmuşdur.