Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon İcra Hakimiyyətinin Başçısı hesabat verdi

20 fevral 2015 | 16:00

Tərtər rayon İcra Hakimiyyəti Başçısının “2014-cü ilin Sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr barədə” hesabat yığıncağı keçirilmişdir. Yığıncaq iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad edərək, onun abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar.

Sonra tədbir iştirakçıları rayon Gənclər Mərkəzinin qarşısında “Tərtər dünən” və “Tərtər bu gün” başlıqlı fotostendlərə, rayonda istehsal olunmuş məhsulların sərgisinə baxmışlar. Tədbir Gənclər Mərkəzinin iclas zalında davam etdirilmiş, tədbir iştirakçıları əvvəlcə rayonun sosial-iqtisadi inkişafını əks etdirən filmə baxmış, sonra Azərbaycan himninin sədaları altında yığıncaq öz işinə başlamışdır.

Hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirmişdir ki, Artıq tarixə çevrilmiş 2014-cü il iqtisadi uğurlarla, yüksək nailiyyətlərlə yadda qalmışdır. Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə dinamik inkişaf təmin olunmuşdur.

Cari ilin yanvar ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfransda dərin məzmunlu və proqram xarakterli tövsiyələri, sosial-iqtisadi inkişafla bağlı söylənilən faktlar belə bir fikri bir daha təsdiq etmişdir.

Hesabat ilində dünyada baş verən maliyyə və iqtisadi böhrana baxmayaraq, Azərbaycan yüksək makroiqtisadi göstəricilərini qorumuş, ölkə iqtisadiyyatı 3 faiz, qeyri-neft sektoru isə 7 faiz, əhalinin pul gəlirləri 4.8 faiz artmışdır. Ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulmuşdur. 

Davos Dünya İqtisadi Forumunun hesablamalarına görə 2014-cü ildə Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyətliliynə görə 38-ci yerə layiq görülmüşdür.

Ötən ildə də sosial sahə prioritet sahələrdən olmuşdur. Əməkhaqqı, pensiya artmış, orta aylıq əməkhaqqı 600 dollara yaxınlaşmış, 400 min insana, yəni 90 mindən çox ailə dövlətdən ünvanlı sosial yardım almışdır.

Yoxsulluq və işsizlik 5 faiz təşkil etmişdir. 2014-cü ildə 60-dan çox tibb mərkəzi, 50-dən artıq məktəb tikilib istifadəyə verilmişdir.

Ötən il 123 min iş yeri açılmışdır ki, onlardan təxminən 100 mini daimi iş yeridir. 2004-cü ildən bu günə qədər ölkəmizdə 1 milyon 300 min iş yeri yaradılmışdır.

Hesabat ilində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi uğurla davam etdirilmişdir. Dövlət Proqramında rayon üçün nəzərdə tutulmuş tədbirlərin icrası nəticəsində rayonda sosial infrastrukturun, əhalinin həyat şəraitinin, sosial müdafiəsinin yaxşılaşdırılması, yoxsulluğun səviyyəsinin azaldılması, tikinti-quruculuq işlərinin aparılması sahəsində böyük nailiyyətlər əldə olunmuş, əhalinin rifah halı yüksəlmişdir. Rayonun sosial siması nəzərəçarpacaq dərəcədə dəyişmişdir.

2014-cü ildə bütün maliyyə mənbələri hesabına rayonda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 12.9 milyon manat olmuşdur ki, onun 12.2 milyon manatı tikinti-quraşdırma işlərinə sərf edilmişdir.

Rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının, Qaz İstismarı Sahəsinin və YAP rayon təşkilatının binalarının tikintisi başa çatmış, son tamamlama işləri aparılır. Olimpiya İdman Kompleksinin, Tərtər şəhərində 100 yerlik körpələr evi- uşaq bağçasının tikintisi davam etdirilir.

Dövr ərzində şəhərin mərkəzi meydanı yenidən qurulmuş, yağış sularının axıdılması üçün 500 metr yeni kanalizasiya xətləri çəkilmiş, prospektdə və şəhərin digər məhəllələrində 3 km su xətləri yenilənmişdir.

Heydər Əliyev meydanında və “Heydər Əliyev parkı”nın ətrafında 39 ədəd müasir tipli işıqlandırma sistemi quraşdırılmışdır. Prospektdə uzunluğu 4 km olan səkilərə 7.5 min kvadratmetr tamet daşı döşənmişdir. “Heydər Əliyev parkı”nda uşaqlar üçün əyləncə mərkəzi yaradılmış, karusel quraşdırılmışdır.

 

Şəhərin Nizami, V. Hüseynov, Ə. Paşayev və E.Səfərov küçələrində kommunal yaşayış binalarının yerləşdiyi ərazilərdə sakinlər tərəfindən qanunsuz və pərakəndə şəkildə tikilmiş müxtəlif təyinatlı, kiçik həcmli tikililər sökülərək, təmizlənib genişləndirilmiş, həmin sahələrə yüzlərlə maşın torpaq daşınaraq hamarlanmışdır. Hər dörd küçədə “Nümunəvi məhəllə” yaradılmışdır. Burada mini futbol meydançası inşa edilmiş və digər idman qurğuları quraşdırılmışdır.

Ərazidə sakinlərin istirahəti üçün park yaradılmış, səkilər və meydançalar salınmışdır.

H.Əliyev prospektində Şahmat məktəbinin tikintisinə, bir çox idarə və təşkilatların yerləşib fəaliyyət göstərdiyi 3 mərtəbəli inzibati binanın əsaslı təmir işlərinə başlanılmışdır.

Ötən dövr ərzində rayonda ekoloji tarazlığın qorunması məqsədilə  yaşıllaşdırma işləri diqqət mərkəzində saxlanılmış, 38500 müxtəlif növ ağac və 7000 ədəd gül kolları əkilmişdir. 2014-cü ilin oktyabr-noyabr aylarında “İdeya” İctimai Birliyi tərəfindən həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma” marafonu çərçivəsində rayon ərazisində 9200 ədəd müxtəlif növlü ağac əkilmişdir. Belə tədbirlər 2015-ci ildə də davam etdiriləcəkdir.

Görülən məqsədyönlü işlər nəticəsində 2014-cü ildə rayonda 1235 yeni iş yeri açılmışdır ki, onun da 457-i daimi iş yeridir. Yeni açılmış iş yerindən 21-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 436-ı fiziki şəxslərdə, 778-i isə digər tədbirlər üzrə sahələrdə olmuşdur.

Rayon üzrə orta aylıq əmək haqqı 2013-cü illə müqayisədə  7.2 faiz artaraq 230.4 manat təşkil etmişdir. Pərakəndə ticarət dövriyyəsi və əhaliyə göstərilmiş pullu xidmətlərin həcmi 143.5 milyon manat olmuşdur ki, bu da ötən ilə nisbətən 4.9 faiz çoxdur.

Rayon rəhbəri rayonda sahibkarlığın inkişafı, əhalinin sosial müdafiəsi məsələlərindən, təhsil, səhiyyə və mədəniyyət, kənd təsərrüfatı, ekologiyadan, rayonda ideoloji işin təşkilindən, vətəndaşların müraciətlərinə baxılması və onların qəbulunun təşkilindən də geniş və ətraflı danışmışdır. O, bildirmişdir ki,  vətəndaşlar tərəfindən qaldırılan məsələlərin vaxtında və obyektiv həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Xüsusilə səyyar qəbulların yerlərdə daha çox keçirilməsi vətəndaşların razılığına səbəb olmuş və səmərəli nəticələr vermişdir.Qəbullar zamanı vətəndaşların müraciətlərinin böyük əksəriyyəti yerindəcə həllini tapmışdır. Bu da əvvəlki illərlə müqayisədə müraciətlərin azalmasına səbəb olmuşdur.

Hesabat ilində vətəndaşlar tərəfindən 1128 müraciət olmuşdur. Dövlət orqanlarından və digər qurumlardan daxil olan müraciətlərin ümumi sayı da azalmışdır. 2013-cü illə müqayisədə müraciətlərin sayı 243 və ya 17.7 faiz azalmışdır.

Rayon icra hakimiyyəti başçısının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmişdir. Bütövlükdə il ərzində 42 yaşayış məntəqəsi və məhəllədə icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri keçirilmiş, bu görüşlərdə 8400 vətəndaş iştirak etmiş, 472 nəfər müraciətlə çıxış etmişdir.  Rayon icra hakimiyyəti başçısı aparatında 2212 nəfər, o cümlədən rayon icra hakimiyyəti başçısı tərəfindən 1412 nəfər qəbul edilmişdir.

Sonra məruzə ətrafında çıxışlar olmuşdur. Rayon Polis şöbəsinin rəisi Rauf Məcidov, Maliyyə idarəsinin rəisi Zahid Təhməzov, Suvarma Sistemləri İdarəsinin rəisi Zahid İbrahimov, Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, Gənclər və idman İdarəsinin rəisi İsmayıl İsmayılov çıxış etdilər.

Yığıncaqda Milli Məcilisin deputatı Sahib Alıyev, Prezident Administirasiyasının məsul işçisi Arif Novruzov və Beynəlxalq Avrasiya Mətbuat Fondu Qeyri Hökumət Təşkilatının Direktoru Umud Mirzəyevdə çıxış  edərək, öz tövsiyələrini vermişlər.

Hesabat yığıncağında söylənən təklif və qeydlər nəzərə alınaraq müvafiq qərar qəbul olunmuşdur.

Yığıncaq iştirakçıları respublika Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.

Keçidlər