“28 May - tarixin yaddaşında müstəqillik və milli iradə günüdür”
Tərtər Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP rayon təşkilatının inzibati binasında “28 May–tarixin yaddaşında müstəqillik və milli iradə günüdür” mövzusunda “dəyirmi masa” keçirilib.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, Bakı Dövlət Universitetinin dosenti, filologiya elimləri üzrə fəlsəfə doktoru Rasim Süleymanov, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP ərazi ilk partiya təşkilatı sədrləri, ziyalılar, ağsaqqqallar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştrakçıları öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül çiçək dəstələri düzmüş sonra tədbir Yeni Azərbaycan Partiyasının inzibati binasında davam etmişdir. Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Dəyirmi masa”da çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının xalqımızın dövlətçilik tarixində mühüm mərhələ olduğunu vurğulayıb. Bildirib ki, 1918-ci il mayın 28-də Şərqdə ilk parlamentli respublikanın yaradılması xalqımızın milli iradəsinin, azadlıq və müstəqillik arzularının təntənəsi idi. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynayıb.
28 Mayın Azərbaycan xalqının şərəf və qürur tarixi olduğunu bildirən rayon rəhbəri, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin əsasını qoyduğu dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və müstəqilliyimizin qorunması və möhkəmləndirilməsi hər bir azərbaycanlının müqəddəs borcudur.
Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs bu gün uğurla davam etdirilir, Azərbaycanın müstəqilliyi və dövlətçiliyi daha da güclənir.
Bakı Dövlət Universitetinin dosenti, filologiya elimləri üzrə fəlsəfə doktoru Rasim Süleymanov çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın milli azadlıq və dövlətçilik ideallarının təcəssümü olduğunu diqqətə çatdırıb, Ümummilli lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı uğurların Azərbaycanın müstəqilliyinin daha da möhkəmlənməsinə xidmət etdiyini diqqətə çatdırıb. Bildirib ki, bu gün Azərbaycan güclü siyasi iradəyə, dayanıqlı iqtisadi inkişafa və beynəlxalq nüfuza malik müstəqil dövlətdir.
Tədbirdə YAP rayon təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Fərid Hacıyev və şəhər 2 nömrəli məktəb liseyin tarix müəllimi Səbinə Zeynallı da çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb: “28 May-tarixin yaddaşında müstəqillik və milli iradə günüdür!”






